Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin başlatdığı hərbi əməliyyatla Ukraynaya daxil olan rus əsgərləri ertəsi gün Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirərək orada çalışan işçiləri əsir götürdülər.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın dövlətə bağlı Milli Nüvə Enerjisi İstehsalı Təşkilatının (Enerqoatom) məlumatıan görə, martın 31-də Rusiya qoşunları çıxarılıb, aprelin 1-də isə Çernobıl AES tamamilə Kiyevin nəzarətinə keçib.
Paytaxtdan 110 kilometr şimalda yerləşən Çernobılda rus əsgərləri tərəfindən əsir götürülən əməkdaşlar bu müddət ərzində yaşadıqları çətinliklərdən danışıblar. Radiasiya təhlükəsizliyi müfəttişi Oleksandr Lobada BBC-yə bildirib ki, rus əsgərləri onlardan obyekt haqqında məlumat almaq istəyiblər: "Bütün prosedurlar, sənədlər və araşdırmalar haqqında məlumat istədilər. Qorxdum, çünki daimi sorğu-sual olurdu və bəzən bunu zor tətbiq edərək edirlər".
“Independent Turkish”in məlumatına görə, mühəndis Valeriy Semonov deyib ki, biz işçilərin obyektlərdə işləməsi üçün ruslardan icazə alır, daim onlarla danışıqlar aparırdıq. Onları əsəbləşdirməməyə çalışırdıq.
Semonov bildirib ki, obyektlərdə elektrik enerjisi üç gün kəsiləndən sonra generatorları işlək vəziyyətdə saxlamaq üçün daim benzin tapmağa çalışıblar, çatmayanda isə ruslardan benzin oğurlamalı olublar.
Oleksandr Lobada isə bildirib ki, elektrik tamamilə kəsilsəydi, fəlakətlə üzləşərdik: " Radioaktiv sızma ola bilərdi. Bunun miqyasını təsəvvür edə bilərsiniz. Mən ölməkdən qorxmurdum. Mən olmasaydım nə olacaqdı, ondan qorxdum. İnsanlığın faciəsindən qorxurdum".
Nərgiz,
SİTAT.İNFO