Bu şəxslərin pensiyalarına artım şamil edilməyəcək - ŞƏRH

12:20 30 Yanvar 2024

Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək.

Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? Sosial şəbəkə vasitəsi ilə ünvanlanan sualların biri də məhz budur. 

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirdi ki, “Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pens iyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır: "Ötən ilin yekun əmək haqqı artımının 11  faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır".

 Deputat vurğuladı ki,  yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq: " Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq".

 

Ayna,

Sitat.info



Xəbər xətti