ABŞ-ın hərbi bazalarının müsəlman ölkələrindən çıxarılması gündəmdə! Bu mümkün olacaqmı?

14:09 30 Yanvar 2024

"İordaniya-Suriya sərhəddində yerləşən ABŞ hərbi bazasına amerikalı hərbçilərin ölümüylə nəticələnən hücumun məsuliyyətini İranın İraq və Suriya ərazisində dəstəklədiyi “İslam Müqavimətçiləri” öz üzərlərinə götürüblər.

Üstəlik, belə bir bəyanat da səsləndiriblər: “ABŞ İsraili dəstəkləməyə davam etdikcə, hücumlarımız artacaq. ABŞ-ın regiondakı bütün maraqları qanuni hədəfimizdir və bizi ABŞ-ın cavab təhdidləri maraqlandırmır: istiqamətimizi bilirik, şəhidlik mükafatımızdır”.

Hazırda ABŞ-ın Yaxın Şərq ölkələrində neçə hərbi bazasının olduğu, həmin bazalarda nə qədər hərbçinin xidmət keçdiyi, bu hərbi bazaların hansı əsaslarla region ölkələrində yerləşdirildiyi və onların çıxarılma imkanları ciddi müzakirə mövzusuna çevrilib".

Bu sözləri politoloq Elxan Şükürlü Sitat.info-ya açıqlamasında deyib. 

O bildirdi ki, xüsusən də HƏMAS-İsrail savaşından sonra özünü müsəlman sayan ölkə rəhbərlərinə ünvanlanan və israrla cavab istənilən əsas sual isə budur: "Yaxın Şərqi müharibələr meydançasına və silah anbarına çevirən, müsəlman əhaliyə divan tutan ABŞ bazlarını niyə öz ərazinizdə saxlayırsınız?! Xatırladaq ki, indiyədək açıq mənbələrdə yayılan məlumat və xəritələrdə Yaxın Şərqin 11 müsəlman ölkəsində ABŞ-ın 46 hərbi bazasının olduğu və bu bazalarda 55 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi göstərilirdi.

Məsələn, 2019-2023-cü il ərzində yaylan ən müxtəlif xəritələrdə və tədqiqat materiallarında ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərqin bu müsəlman ölkələrinin adları çəkilib:

1. Qətər – ABŞ-ın ən böyük və müasir texnologiyalarla təchiz edilmiş “Əbu-Udeyd” hava bazası və “Əs-Seyliyə” düşərgəsi burada yerləşir, 13 mindən çox hərbçinin xidmət keçdiyi bildirilir;

2. Bəhreyn – ABŞ-ın Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 5-ci hərbi dəniz donanması, eləcə də 3-cü ABŞ Ordusu Qərargahı burada yerləşir, “Şeyx İsa” və “Məhərrəq” bazalarında 9 min amerikalı hərbçinin xidmət keçdiyi deyilir;

3. Küveyt – Say etibarilə ən çox amerikalı hərbçi bu ölkədə yerləşib. “Əli əl-Salem”, “Əhməd əl-Cabir” hava bazalarında, “Arifcan”, “Vatansever” və “Buehrinq” düşərgələrində 15 mindən çox amerikalı hərbçinin xidmət keçdiyi deyilir;

4. Səudiyyə Ərəbistanı – Bu ölkədəki hərbi hava bazasının 2003-cü ildə Qətərə köçürüldüyü deyilsə də, 2022-ci ildə Ər-Riyadın yaxınlığındakı “İskan” qəsəbəsində modern hərbi təhsil missiyası adı altında yenidən 2700 amerikalı hərbçinin yerləşdirildiyi deyilir;

5. Birləşmiş Ərəb Əmirlikləri – “Əl-Zəfra” bazası və “Cəbəl Ali” limanında 5 minə qədər amerikalı hərbçinin olduğu bildirilir;

6. Misir – Qahirənin qərbində ABŞ hərbi hava bazası yerləşib, şəxsi heyətin sayı barədə məlumat verilmir, daha çox yanacaq təminatı üçün istifadə edildiyi deyilir;

7. Suriya – İŞİD-lə mübarizə adı altında son illər burada ABŞ-ın 18 hərbi bazasının və düşərgəsinin qurulduğu, 2000 amerikalı hərbçinin xidmət keçdiyi bldirilir;

8. İordaniya – “Muvaffak əl-Salti” bazasında 3 minə yaxın amerikalı hərbçinin olduğu deyilir;

9. İraq – 9 hərbi bazada 6 mindən çox amerikalı hərbçinin olduğu deyilir. “Victory”, “Taci”, “Habaniyyə”, “Eynül-Əsəd”, “Beled”, Kərkükdə “K-1” və Mosuldakı “Geyyara”, Ərbildəki “Ərbil” və “Hərir” bazaları amerikalıların istifadəsindədir;

10. Oman – bu ölkədə ameriklıların 600 nəfərdən çox hərbçisinin olduğu bildirilir;

11. Türkiyə - NATO üzvü olan Türkiyənin 16 nöqtəsində ABŞ Silahlı Qüvvələrinə aid hərbi bazanın oduğu və bu bazlarda 1800 (bəzi mənbələrdə 2500) nəfərə yaxın amerikalı hərbçinin olduğu deyilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi bazası isə Adana və İzmirdə yerləşir...". 

Məğrur,

Sitat.info



Xəbər xətti