Maqsud Mahmudov məhkəmədə söyüş söydüyünə görə zaldan çıxarılıb

16:06 11 Aprel 2022

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SİTAT.İNFO Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Aslan Qəhrəmanovun dindirilməsi davam edib. O deyib ki, Maqsud Mahmudov vətəndaşların qızıllarını banka girov qoyub pul götürüb: "Həmin qızılları Maqsud tanış adamların şəxsiyyət vəsiqələri ilə bankdan pul çıxarıb camaata verirdi, pul qazanırdı. Mən qızıllarımı Maqsudun arvadına vermişəm. Bunlar ailəlikcə dələduzdu".

Maqsud Mahmudov Aslan Qəhrəmanovun ifadəsinə münasibət bildirən zaman məhkəmə zalında gərgin anlar yaşanıb.

Məhkəmə Maqsud Mahmudovu söyüş söydüyü üçün zaldan çıxarıb. Prosesin aprelin 15-ə kimi təxirə salındığı elan edilib.

Xatırladaq ki, Maqsud Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.



Xəbər xətti