Ukrayna işğalında ir ay yarım ərzində 7 generalını itirən Rusiya lideri Vladimir Putinə yüksək rütbəli hərbçilərdən daha bir bəd xəbər gəlib.
Putin həftə sonu "Suriya qəssabı" ləqəbli general Aleksandr Dvornikovu yeni işğal komandiri təyin edib. Kiyev və Çerniqovdan çəkilən Rusiya ordusunun bir neçə gün ərzində Ukraynanın şərqindəki Donbasa hücumu gözlənilir. Kiyev ətrafında məğlubiyyətdən sonra uzunluğu 10 kilometri keçən rus karvanlarının Donbasa doğru hərəkət etdiyi görünüb.
Cəbhə xəttində işlər yaxşı getməyəndə uzaq mənzilli raket hücumlarına üz tutan Rusiya ordusu Ukraynada minlərlə əsgərini itirib. Ötən həftə verdiyi müsahibədə Putinin mətbuat katibi Dmitri Peskov ilk dəfə Ukraynada ağır itkilər verdiklərini etiraf edib.
Moskva indiyədək Ukraynada 1351 əsgərin öldürüldüyünü açıqlayıb. Bu, artıq 47 günlük işğalda əsgər itkiləri ilə bağlı Moskvanın iki bəyanatının sonuncusudur. Ukrayna ordusu bu səhər verdiyi mməlumatda həlak olan rus əsgərlərinin sayının 19500-ə yüksəldiyini açıqlayıb.
ABŞ və NATO vurğulayır ki, Putinin Ukraynada itirdiyi əsgərlərin sayı azı 7 mindir və bu rəqəm 15 minə qədər yüksələ bilər.
BBC indiyədək Moskvanın adını çəkdiyi 1083 əsgərin beşdə birinin rütbəli olduğunu müəyyən edib. Müəyyən edilənlərdən 217 -i leytenantdan tutmuş generala qədər olan rütbələrdir.
General-leytenant Yakov Rezantsevin öldürülməsi Rusiya ordusunun işğal etdiyi Ukraynada vurduğu ən ağır zərbə oldu. Andrey Mordviçev, Oleq Mityaev, Andrey Kolesnikov, Vitali Gerasimov və Andrey Suxovetski kimi generallar Ukraynadan sağ qayıtmayıblar. Rusiyanın təsdiq etdiyi yeganə general ölümü general-mayor Andrey Suxovetskidir. Digər ölümlərlə bağlı Moskvadan hələlik heç bir açıqlama verilməyib.
Qara dəniz donanması komandirinin müavini Andrey Paliyinin ölümü ilə polkovnik rütbəsində ən ağır itkisini verən Rusiya ordusu bu gün doqquzuncu polkovnikini itirib. 59-cu tank alayına komandirlik edən polkovnik Aleksandr Bespalovun da Ukraynada öldürüldüyü bildirilir.
Polkovnik Bespalovun Ukraynanın hansı hissəsində və necə öldüyü müəmmalı olaraq qalır. Lakin onun doğulduğu Ozyorsk şəhərinin xəbər saytları polkovnik Bespalovun dəfn mərasiminin cümə günü olacağını yazıb. Daha sonra xəbərlər daha sonra tələsik silinib