Azərbaycanın qeyri-neft ixracatı niyə azalıb - Deputat açıqladı

14:59 14 Mart 2024

"2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz,real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb.

Qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib. Belə ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

O bildirib ki, bununla yanaşı, elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması ümumi qeyri-neft ixracatına təsir göstərib: "Digər tərəfdən, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Belə ki, qeyri neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib.

Bunlar ilə yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır".

Nərgiz,

Sitat.info



Xəbər xətti