"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.
Hökumət rəqabətli mühit istəmir, rəqabəti təhlükə sayır, taksi xidməti azsaylı sahələrdəndir ki, rəqabət yüksəkdir, son 10-15 ildə, bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb. Deməli bundan narahatdılar, növbəti dəfə işıq gələn yeri qapatmağı düşünürlər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, səbəb tıxacdırsa, şəxsi avtomobillər üzərindən məsələni həll etməyə köklənmək daha effektiv olar: "Hökuməti niyə 60 min taksi narahat etməlidir ki?! Əgər məsələ tıxacdırsa, Bakıda 900 minə yaxın avtomobil var, bunun cəmi 60 mini taksidirsə, nədən bu məsələyə kökləniblər?! Əslində hökumət özünə sual verməlidir ki, ictimai nəqliyyat normal işləsəydi, taksiyə tələb artmazdı, papağını qabağına qoyub düşünməlidir ki, camaat kefindən taksi sürmür, iş-güc yoxdur, iş tapa bilmirlər deyə taksi sürməyə yönəlirlər".
İqtisadçı bildirib ki, taksi fəaliyyəti ilə bağlı məhdudiyyətlər işsiz təbəqənin narazlığını daha da artıracaq: "Yaxşı, indi 40 min sürücünü işsiz qoyub nə qazanacaqlar?! Narazılığın yüksəlməsini?! Niyə?! Özlərinə düşməndilər?! Zatən quru sərhədləri bağlı saxlamaqla millətin narazılığını yüksəldiblər, nədən daha da artmasını istəyirlər?!".
Məğrur,
Sitat.info