Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər.
SİTAT.İNFo xəbər verir ki, bunu “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək “dini ayinlərin icraçısı” vəzifələri nəzərdə tutulur: “Habelə “qadın dini ayinlərin icraçısı” vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin”.
Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar: “Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür”.