Qərblə müharibə İran rejiminin sonunu gətirə bilər: Rəsmi Tehran bu səbəbdən geri çəkildi

14:00 14 Aprel 2024

"İranın İsrailə qarşı hücumu daxili auditoriyaya hesablanmışdı. İranın İsrailə qarşı PUA və ballistik raketlərlə hücumu heç bir nəticə vermədi. Kiçik bir nəticə olaraq Livandan "Hizbullah" Qolan təpələrində İsrailin hərbi mövqelərini vurması oldu. Bununla da Tehran İsrailə hücumun dayandırdığini elan etdi. İran bu hücumu həyata keçirməklə daxildə "üzünün" qorunmasını təmin etdi. İsrailə qarşı bu hücum Tehran üçün daxili bir mesaj idi. Ona görə də İsrail bu hücuma qarşı İrana əks-hücuma keçmədi. Təbii ki, İsrailin cavab tədbirlərinə Vaşinqton icazə vermədi. Çünki bu regionda ABŞ iştirakı ilə yeni müharibəyə gətirib çıxara bilərdi". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ABŞ -da keçiriləcək prezident seçki öncəsi İranla müharibə Baydenin reytinqinə mənfi təsir edə bilərdi: " Çünki ABŞ vətəndaşları İranla müharibənin əleyhinədir. İraq və Əfqanıstan müharibəsində çıxarılan nəticə ABŞ vətəndaşlarının Yaxın Şərqdə növbəti müharibə əleyhinə çıxmasına əsas səbəblərdən biridir. ABŞ hər iki müharibədə öz geosiyasi mövqelərini zəiflədib və Əfqanıstanda uzun illər müharibə apardığı Talibana hakimiyyəti verib çıxıb".

Şərhçi hesab edir ki, İran rejimi də müharibədə maraqlı deyil: "Qərblə müharibə İran rejiminin zəifləməsinə və növbəti mərhələdə hakimiyyətinin sonunu gətirə bilər. Hazırkı müharibə ABŞ və Tehran arasında qapalı danışıqlar nəticəsində İsrail İran hərbi qarşıdurması baş vermədi. Suriyada tərəflər arasında qapalı görüşlər geniş eskalasiyanın qarşısını aldı".

Nərgiz,

Sitat.info



Xəbər xətti