İqtisadçıdan manatın devalvasiyası ilə bağlı proqnoz: Bu iqtisadi problemlər yaşana bilər...

14:04 20 İyun 2024

"Yaxın aylarda ölkədə Parlament və Bələdiyyə seçkiləri keçiriləcək, sonra 5 il ölkədə heç bir seçki sürəci olmayacaq və hökumətin daha rahat davranması üçün şərait yaranacaq. Əgər bu seçkilərdə xalq olaraq aktiv iştirak etməsək, məmləkətin sosial-iqtisadi problemlərinin həlli mərkəzini Parlamentin içinə daşıya bilməsək, o zaman yaxın illərdə baş verəcəklər heç də xoş olmayacaq".

Bu sözləri Sitatinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun proqnozlarından biri budur ki,  2025-in sonu, ya da 2026-nın əvvəlinə manat ucuzlaşacaq: "Manat ən yaxşı halda 10%, ən pis ssenaridə 25% devalvasiya olacaq.  İkincisi, yaxın 2 ildə kommunal və nəqliyyat sahəsində bahalaşma, qiymət artımı olacaq,  Cərimələrdə, vergi və icbari ödənişlərdə artım olacaq – məsələn, icbari tibbi sığorta haqları artırılacaq".

İqtisadçının fikrincə, yaxın illərdə büdcədən vətəndaşlara ayrılan vəsaitin də həcmi azala bilər: "Ölkə ciddi borclanma yoluna keçəcək, yaxın illərdə 8-10 mlrd. dollara yaxın əlavə borc-kreditlər götürüləcək ki, bu da vətəndaşa büdcədən ayrılan vəsaitin azalmasına, həmin vəsaitin borcların qaytarılmasına yönəlməsinə səbəb olacaq. Manatın devalvasiyası, kommunal xidmətlərin, vergi-ödənişlərin artması 2026-27-ci illərdə ölkəyə daha güclü inflyasiya dalğası gətirəcək, qiymətlərin yüksəlməsi sürətlənəcək. Makroiqtisadi vəziyyətin təhlili və modelləşdirilməsi bu mənzərəni yaradır. Lakin seçki aktivliyi bu proseslərin daha yumşaq keçməsinə, paralel olaraq vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər...". 

Məğrur,

Sitat.info



Xəbər xətti