Putinin müharibə çağırışına bənzəyən sülh şərtləri: Ukraynadan ərazilərinin 40 faizini istəyir...

14:17 21 İyun 2024

"Rusiya ilə Ukrayna arasında sülh məsələsi müzakirə olunur və Putin son vaxtlar tez-tez bu mövzunu tez-tez dilə gətirir, sülh istədiyini deyir. Eyni zamanda elə şərtlər irəli sürür ki, bu sülh yox, müharibə çağırışına oxşayır. Putin deyir ki, Ukrayna sülh istəyirsə, Donetskdən, Luqanskdan tamamilə çıxmalıdır, Zaporejyedən, Xersondan tamamilə çıxmalıdır. Beynəlxalq ictimaiyyət qarşısında öhdəlik götürməlidir ki, heç zaman NATO-ya daxil olmayacaq. Təhlil edərkən görürük ki, bu heç də sülh şərtlərinə oxşamır". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, Rusiyanın istədiyi bölgələr Ukraynanın strateji baxımdan ən əhəmiyyətli bölgələridir:  "Ukraynanın Sovet dövründə ən gözəl sənaye bölgələri Donetsk və Luqansk idi. Zaporejye kənd təsərrüfatı bölgəsi idi. Ukrayna bu bölgələrdən necə imtina edə bilər? Sovet dövründə ballistik raketlərin hamısı Donetskdə istehsal olunurdu.  Bu gün də həmin istehsal bazası saxlanılır ki, onu bərpa etmək olar". 

Q.Hüseynli qeyd edib ki, bu gün Ukrayna Putinin təslimçilik çağırışını qəbul edəcək qədər gücsüz vəziyyətdə deyil: "Putin qısacası deyir ki, ərazilərinin 40 faizini boşalt ver mənə. Özü  də o vaxt ki, Qərbdən daha çox yardım gəlir, Ukrayna ordusu güclənir. Putin isə o vəziyyətə gəlib ki, Şimali Koreyaya möhtac olub". 

Politoloq hesab edir ki, belə bir güzəşt, prinsipsiz kompramis yolverilməzdir: "Ukrayna artıq əks-hücumda müəyyən nəticələr əldə edib və uğurlar da artacaq. Putinin bu açıqlaması isə səslənəcək fikirləri qabaqlamaq üçün idi. Zelenski isə doğru olaraq qeyd etdi ki, bu sülh çağırışı deyil, müharibəni daha da qızışdırmağa yönəlik açıqlamadır".  

Məğrur,

Sitat.info



Xəbər xətti