Politoloq: Yeni dövrün tələbinə uyğun parlament formalaşdırmaq lazımdır

15:01 21 İyun 2024

"Ölkə parlament seçkisinə gedir. Artıq bununla bağlı siyasi qərar verilib. İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında hakim partiya deputatları Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət olunması üçün qərar qəbul ediblər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Turan Rzayev deyib. 

Onun sözlərinə görə, bu məsələdə iqtidar partiyasının qərarı mühüm olsa da ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi:

"Birincisi, Qanunvericiliyə görə Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməlidir. Lakin həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29 keçiriləcək.

COP29-un yüksək səviyyədə təşkil edilməsi hazırda dövlətin başlıca prioritetidir. Belə olan halda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi bu baxımdan doğru qərar ola bilər

İkincisi, bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır. Misal üçün, növbədənkənar seçkilər zamanı parlamentə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edəcək millət vəkilləri seçilməlidir.

Bundan başqa əhalinin sayı artıb. Yəni buna görə deputat sayı da arta bilər. Digər bir məqam isə vəfat edən deputatlardır ki, onların yerinə yeni deputatların seçilməsi vacibdir.

Nəticə etibarilə ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır. Bu mənada YAP İdarə Heyətinin keçirilən iclası və qəbul edilən qərarı yerində və doğrudur".

Politoloq Turan Rzayev

Sitat.info



Xəbər xətti