"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 20-də litvalı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, Azərbaycan onların sülh müqaviləsi barədə son təkliflərinə cavab verməyib. “Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar prosesini sona qədər aparmağı və sülh müqaviləsinin bir ay ərzində imzalanmasını vacib hesab edirik”, - Mirzoyan deyib. Bundan əvvəl Ermənistan XİN Azərbaycanı guya sülhdən yayınmaqda ittiham etmişdi. Əslində isə sülhdən yayınan elə İrəvanın özüdür".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirb ki, əvvəl də dediyimiz kimi, indi sülh Azərbaycandan çox Ermənistana lazımdır: "Çünki rəsmi Bakı artıq öz maraqlarını icra edib, ərazi bütövlüyünü təmin edib. Ermənistan hakimiyyətinin və hətta dövlətçiliyinin gələcəyi isə sual altındadır. Çünki rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında sıxılır. Hər iki tərəfdən mövcud Nikol Paşinyan hakimiyyətinə təzyiq göstərilir. Belə bir şəraitdə Paşinyan özü də başa düşür ki, nə Qərb, nə də Moskva etibarlıdır".
K.Novruzov hesab edir ki, bundan başqa, Ermənistan daxilində də vəziyyət kifayət qədər qarışıqdır: "Belə bir şəraitdə rəsmi İrəvana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Əgər bu olarsa, regionda əməkdaşlıq mühiti yaranacaq. Beləliklə, ilk növbədə İrəvanın iqtisadi baxımından inkişafı və dirçəlməsi üçün şərait yaranacaq. Bu isə öz növbəsində Ermənistanı siyasi cəhətdən də müstəqil edə, xarici güclərin təsirindən çıxara bilər.Bütün bunları Paşinyan hakimiyyəti yaxşı anlayır. Ona görə də son zamanlar sülhlə bağlı daha fəal davranır. Ermənistanın sülh üçün tələsməyinin əsas səbəbi də məhz yuxarıda qeyd etdiyimiz səbəblərdir".
Bundan başqa, Paşinyan başa düşür ki, sülh sazişi uzandıqca işi daha da çətinləşə bilər. Rəsmi Bakı İrəvanı fakt qarşısında qoymağa davam edir. Odur ki, Ermənistan tələsir.
Siyasi şərhçi onu diqqətə çatdırdı ki, Azərbaycanın konkret şərt və tələbləri var: "Onlardan biri də Ermənistan konstitusiyasının dəyişilməsidir. İrəvan hələ ki, bu barədə dərindən düşünənə oxşamır. Qarşıdakı bir ayda Ermənistan qanunvericiliyinə dəyişiklik olması ağlabatan görünmür. Bu isə o deməkdir ki, Mirzoyan sadəcə olaraq populist bəyanatlar verir, reallıqları nəzərə almır. Bir ay ərzində sülh sazişinin imzalanması inandırıcı deyil".
Türkan,
Sitat.info