Hazırda İrəvanda hökumət əlehinə aksiyalar davam edir. İrəvan küçələrində onminlərlə insan Paşinyanın istefasını tələb edir. Məlum olduğu kimi, həmin aksiyaların başında da "Qarabağ klanı" adlandırılan müxalifət nümayəndələri, xüsusən də Serj Sarkisyan və Robert Köçəryan dayanır. Hazırda ABŞ səfirliyi də baş verənlərlə bağlı açıqlama verərək Ermənistanı demokratik ölkə adlandırıb və Paşinyanın demokratik yolla hakimiyyətə gəldiyini bildirib.
Bu o deməkdir ki, ABŞ tərəfi bu aksiyaları dəstəkləmir. O zaman sual yaranır ki, bu aksiyaları kimlər və haradan tətikləyirlər?
Bu qüvvə Rusiyadırmı?
Və Paşinyanın aqibəti necə olacaq??
Bütün bu suallarla bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, bütün bu proseslərin arxasında Rusiya dayanır: "Təbii ki, İrəvandakı vəziyyətin arxasında Rusiya və onun Ermənistandakı "5-ci kolon"u dayanır. Məqsəd mümkün qədər Ermənistan- Azərbaycan arasında münaqişəni uzatmaq, sülh müqaviləsinin bağlanmasına mane olmaqdır. Bu istiqamətdə birinci növbədə Paşinyana təzyiq eləmək lazımdır. Çünki, Paşinyan bir çox hallarda Rusiyanın tapşırıqlarını Ermənistanın əvvəlki dövlət rəhbərləri kimi nöqtədən vergülə kimi yerinə yetirmir. Ona görə də Rusiya təzyiq etməyə davam edir".
S.Cəlaloğlunun sözlərinə görə, bu təzyiqlərin iki səbəbi var: "Birincisi, çalışırlar ki, Paşinyan Rusiyanın iştirakı olmadan Azərbaycan və Türkiyə ilə onlarla əlaqə yaratmasın. İkincisi, əgər Paşinyan Kremlin tapşırıqlarına əməl etməsə, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün zəmin formalaşsın".
Lamiyə Xəqani
SİTAT.İNFO