"Vladimir Putin keçmiş SSRİ-nin Hitler Almaniyası üzərindəki qələbəsindən pafosla danışmağı, hər ilin mayın 9-da hərbi parad keçirməyi xoşlayır. Ancaq hardan baxsaq, bugünkü Putin Rusiyasının Hitler Almaniyasından elə böyük fərqi yoxdur".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq vurğuladı ki, Rusiya da Hitler Almaniyası kimi işğal edir, dağıdır, dinc insanları öldürür: "Başqa bənzərlik də var. Hitler Almaniyası üzərindəki qələbədə meşələrdə gizlənən partizanların da rolu az olmamışdı. Almaniyanın cəbhəyə daha çox hərbi texnika və yanacaq çatdırmaması üçün partizanlar dəmiryollarını partladır, nasistlərə arxadan zərbələr endirirdi. Yerlər və rollar dəyişib, indiki partizanlar Rusiya ordusunə zərbələr endirirlər".
E.Şahinoğlu vurğuladı ki, ukraynalı partizanlar işğal altındakı Melitopolda dəmir yolunu partladıblar ki, Rusiyanın cəbhəyə hərbi texnika və yanacaq çatdırması ləngisin: "Belarusda da peyda olan partizanlar dəmiryollarında hərbi eşelonların hərəkətinə maneələr yaradırlar. Rusiyanın özündə də yanacaq mərkəzlərin müəammalı şəkildə alovlanmalarının arxasında eyni mübarizə üsulu dayanır".
Səid İsaoğlu,
SİTAT.İNFO