"Rusiya imperial ənənələrə malik olan bir dövlətdir. Amma NATO qloballist əsaslara işləyən militar qurumdur. Yəni, Amerikanın tək qütblü dünyasına mane olan hər kəsə qarşı savaşdadır. 1990-cı illərdən müxtəlif qurumlarının dili ilə "yaşıl təhlükədən" danışırdı. İndi də əvvəl Gürcüstan, sonra isə Ukrayna qabağa verildi, ərazilərindən oldu".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov deyib.
Onun sözlərinə görə, sanksiyalardan sonra Rusiyanın gəlirləri heç də azalmadı: " Doğrudur, Rusiya SSRİ-nin Əfqanıstan aqibətini yaşaya bilər. Amma bu bilirsinizmi nə deməkdir? Hər batanla bərabər yüksələn yalnız bir güc var: Amerika. Bu dünyanın geosiyasi düzəninin qloballist mahiyyətindən xəbər verir. Türkiyə bunu çox gözəl anlayır. Türkiyə yeni dünya düzənində başqa reallıqlar üçün mücadilə edir. Daxili və xarici NATO- larla. Amma bunda da qalib olacaq. Bu insanlığa lazımdır. Çünki qloballist beyin insanı insanlıqdan çıxarmaq üçün hər şeyi edir. Azərbaycan olaraq biz də bunu nəzərə almalıyıq. Yüksələn güc və qocalan gücü düz təsbit etməliyik".
Müharibədən öncə gündəmdə olan dünya düzənində yeni bir güc kimi meydana çıxması gözlənilən 3=3 platformasının taleyinə gəlincə, A.Hüseynov bildirdi ki, Türkiyə gec ya tez İranı da yanına alacaq: "Ola bilər onu hər adam görməsin. Dünyanın köklü dövlətlərinin rəqəmsal dəccaliyyətə qarşı bir ittifaqı olacaqdır.
Sİyasi şərhçi onu da vurğuladı ki, əlbəttə ABŞ-ın hegemonluq cəhdlərinə qarşı atılacaq addım qətiyyən Ukraynaya təcavüz olmamalıydı: "Rusiya Ukraynaya təcavüz etdi. Mövcud problemlər başqa cür həllini tapa bilərdi. Amma bu yolu seçmədi. Fəqət dünya iki pis arasında qalıb. Türkiyə də bunun üzərində seçim edir. 3+3 platforması da ona cəhdlərdən idi".
Banu,
SİTAT.İNFO