Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb və sözügedən komissiyanın tərkibi müəyyənləşib. Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı yer alması xüsusi diqqət çəkir.
Aydın məsələdir ki, Dövlət Komissiyasının tərkibində yer alan rayon icra başçıları Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən rayonların icra başçılarıdır. Bununla belə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı yer alması həm də ondan xəbər verir ki, rəsmi Bakı delimitasiya prosesi çərçivəsində Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini də prosesinə daxil edəcək.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Brüssel görüşün yekunlarına dair mətbuata açıqlamasında qeyd etmişdi ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək. Göründüyü kimi, rəsmi Bakı prosesə öncədən hazır idi və qarşıdan gələn Sərhəd Komissiyalarının ilk birgə iclasında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasına dair tələbini irəli sürəcək.
Ankaranın mövqeyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlət başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub.
Prezident üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da keçirilən görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Hər iki ölkə başçısının Brüssel görüşünü müsbət dəyərləndirməsi həm də ondan xəbər verir ki, görüşdə təkcə Bakının deyil, həm də Ankaranın maraqları təmin edilib.
İndiki məqamda Türkiyəni maraqlandıran əsas məsələ məhz Zəngəzur dəhlizidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Brüsseldə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Bakı Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini geri almaq yönündə uğur əldə edib, eyni zamanda Bakı-Ankara ortaq maraqları naminə Zəngəzur dəhlizinin açılmasını prioritet olaraq gündəlikdə saxlayır.
Turan Rzayev
SİTAT.İNFO