İkinci Qarabağ müharibəsində böyük şöhrət qazanan Türkiyənin məhşur silahı Bayraktar PUA-larına dünyada maraq getdikcə artır. İlk dəfə Azərbaycanda istehsal olunan bu silahlardan hazırda Ukrayna Rusiyaya qarşı müharibədə uğurla istifadə edir. Maraqlısı odur ki, Türkiyə bundan sonra hansı silahların istehsalını qarşıya məqsəd qoyub və dünyada nə dərəcədə əhəmiyyətli olacaq?
Hərbi ekspert Ədalət Verdiyev SİTAT.İNFO-ya açıqlamasında sözügedən məsələyə aydınlıq gətirdi: ”2015-ci ildən sonra baş verən bütün münaqişələrdə Türkiyənin istehsal etdiyi yerli və milli silahlar, xüsusilə də pilotsuz uçuş vasitələri ən yaxşı cəhətdən nümayiş etdirilib. Liviyada, Suriyada, İraqla Türkiyə sərhəddində, Qarabağ və Ukraynada tətbiq edilən Bayraktar silahlarını əldə etmək üçün bir çox dünya ölkələri növbəyə dayanıblar. Rusiya ordusunun da Ukraynada nailiyyət əldə edə bilməməsinin, kifayət qədər ciddi itkilərə məruz qalmasının səbəbi Türkiyə PUA-ları oldu”.
Ədalət Verdiyev bildirdi ki, həm Qarabağda, həm Ukraynada müharibənin gedişatında əsas rol əsgərlərin döyüş ruhu ilə əlaqədardır, amma müasir döyüş əməliyyatlarında və müharibələrdə heç bir əsgər yalın əllə müharibəni qazana bilmir: "Döyüş əməliyyatında konkret vəziyyətdə üstünlüyü insan faktoru əldə edə bilər, lakin onu saxlamaq, möhkəmləndirmək və işi məntiqi sonluğa çatdırmaq üçün müasir silah sistemlərinin mövcudluğu vacibdir. Türkiyə bundan sonra əsas müdafiə sənayesində inkişafını pilotsuz və pilotlu hava hücum vasitələrinin inkişafına yönləndirəcək, sürü şəkilində hərəkən edən pualar istiqamətində fəaliyyətləri genişləndiriləcək. Hava-yer, hava-hava, hava-səth tipli idarə olunan raket sistemlərini daha üstün səviyyəyə gətirməyə çalışacaq.
Hərbi ekspertin sözlərinə görə, yaxın illərdə Türkiyə müdafiə sənayesinin davamlı olaraq artan inkişaf dinamikasını müşahidə edəcəyik: “Bütün bunlarla bərabər Türkiyə gələn ildən, həm milli Altay tankını, ondan sonraki il isə, milli döyüş təyyarəsinin istehsalı istiqamətində çox ciddi addımlar atacaq”.
Nigar Abuzər
SİTAT.İNFO