Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdə idi. Lakin onlar dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədilər. Məhkəmə barələrində həbsli axtarış elan etdi. Qulu Muxtarov və Sahil Abuşov həbs ediləndən sonra işləri Səadət Xəlilovun işindən ayrıldı.
Səadət Xəlilovun işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
İş üzrə zərərçəkmiş şəxs AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.
Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona 2 milyon borclu qalıb.
S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adıçəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.
S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” kimi ifadələr işlədib.
Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.
Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:
“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni söyüb biabır elədi”.
İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından ortaya çıxıb ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub. Bu söz-söhbətdən sonra Tağı Əhmədov YAP-dakı vəzifəsindən çıxarılıb.
Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.
Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. Tağı Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi.