"ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” haqqında iddiaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyünün və suveren hüquqlarının şübhə altına alınması istiqamətində edilən növbəti uğursuz cəhd və separatizmi, terrorizmi, müharibəni təşviq edən yanaşmadır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, təkcə Los-Ancelesin Qlendəyl şəhərində yaşayan ermənilərin sayı Azərbaycanda, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimizdə yaşayan etnik ermənilərin sayından çoxdur və ermənilər bu şəhəri “Kiçik Ermənistan” adlandırırlar: "Əgər ermənilərin ikinci dəfə öz müqəddəratlarını təyin etmələrini istəyirlərsə, buyursunlar, Qlendəyli, yaxud lap elə Los-Ancelesi ermənilərə versinlər. Başqalarının torpağı üzərindən cəfəng iddialar irəli sürmək çox asandır.
Linn Treysi və onun kimi düşünənlər unutmalı deyillər ki, onların beynəlxalq hüququn norma və prinsiplərinə zidd açıqlamaları Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, ABŞ-ın maraqlarına da ciddi zərbə vurur və Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı bir formada yer almasını istisna edir".
E. Mirzəbəylinin fikrincə, Linn Treysi unutmalı deyil ki, onun necə və hansı maraqlardan çıxış edərək təşviqat aparmasından asılı olmayaraq, Helsinki Yekun Aktı vahid sənəddir və heç bir halda “xalqların öz müqəddəratını təyinetmə hüququ” digər prinsiplərdən, o cümlədən, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığından üstün tutula bilməz:
"Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə prinsipindən bir neçə müddəada bəhs olunur. Məsələn, Nizamnamənin təşkilatın hədəflərinə həsr olunmuş 1-ci müddəasında qeyd olunur ki, BMT və onun üzvləri bərabərlik və öz müqəddəratını təyin etmə prinsiplərinə əsasən millətlər arasındakı dostluq münasibətlərini inkişaf etdirirlər.
Nizamnamənin 55-ci müddəasında da xalqların öz müqəddəratını təyin etmə və bərabərlik prinsiplərindən yalnız əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı kontekstində söhbət açılır.
Beləliklə, aydın olur ki, BMT Nizamnaməsində öz müqəddəratını təyinetmə prinsipi ayrıca konsepsiya kimi təqdim olunmur. Burada söhbət münaqişə tərəflərindən deyil, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan millətlərarası münasibətlərdən gedir. Aydındır ki, dost və qarşılıqlı anlaşma şəraitində yaşayan millətlər münaqişədə ola bilməzlər.
Digər tərəfdən BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyinetmə prinsipi bərabərlik prinsipi ilə eyni müstəvidə, daha dəqiq desək vəhdətdə təqdim olunur. Bu isə o deməkdir ki, öz müqəddəratını təyinetmə prosesində toplumun təkcə bu yolu seçən hissəsinin deyil, digər hissəsinin də hüquqları nəzərə alınmalıdır.
BMT Nizamnaməsində, BMT Baş Assambleyasının qətnamə və bəyənnamələrində açıq və birmənalı şəkildə qeyd olunur ki, milli birliyin və ərazi bütövlüyünün qismən və ya tamamilə pozulmasına yönələn istənilən cəhd BMT Nizamnaməsinin hədəf və prinsiplərinə uyğun deyil.
ABŞ-ın Ermənistandakı səfirinin bu ölkənin daxili auditoruyasına ünvanlanmış sərsəmləmələri rəsmi Vaşinqtonun mövqeyi ilə də üst üstə düşmür. ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına ünvanladığı son məktubda, Azərbaycanın suverenliyinə və müstəqilliyinə açıq və birmənalı dəstək ifadə edilib. Azərbaycanın suveren hüquqları isə, ölkənin etnik ermənilərin məskunlaşdığı yaşayış məntəqələri də daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış bütün ərazilərinə şamil edilir və heç bir halda müzakirə predmeti ola bilməz".
Politoloq vurğuladı ki, bu kimi bəyanatları ciddi qəbul etmək lazımsızdır:
"Bu baxımdan, “ABŞ-ın Ermənistandakı səfirinin boşboğazlığına “it hürər, karvan keçər” prinsipilə yanaşılmasının tərəfdarıyam" .
Lamiyə Xəqani
SİTAT.İNFO