İnsanların "Səlim Müslümov nostaljisi" nədən doğur: SƏRDAR CƏLALOĞLU danışdı

14:05 30 May 2022

Bu günlərdə Səlim Mülsümovun səhhətinin pisləşməsi, daha sonra ev həbsinə buraxılması sosial medianın gündəmində idi. İctimaiyyət nümayəndələri daha çox bu korrupsioner məmurun həbsdən buraxılmasının əleyhinə çıxış edərkən,  SİTAT.İNFO-nun müvafiq xəbərlərlə bağlı paylaşımlarına sadə insanlardan gələn şərhlər isə bizdə maraq doğurdu.

Şərhlərdə Səlim Müslümov haqqında " Allah şəfa versin" , " "Azərbaycanın bölgələrini dolandıran adam", "çörək verən kişi idi"  kimi şərhlərə rast gəlinirdi. 
Bəzi insanların fikrincə, qanunsuz yolla da olsa əhaliyə kütləvi olaraq pensiya verməsi, onların həyat şəriatinə müsbət təsir edirmiş, sonradan  Sahil Babayevin apardığı pensiya islahatı onların vəziyyətini  pisləşdirib.
Korrupsioner məmur haqqında belə bir rəyin yaranması narahatlıq üçün hansı əsaslar verir? Kəsilən pensiyaları nə ilə əvəz etmək lazım idi ki, insanlarda belə narazılıq yaranmasın?

Bu məsələ ilə bağlı http://SİTAT.İNFO- ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, Səlim Müslümov nə qədər pensiya versə də, bir o qədər də korrupsiya ilə məşğul idi: "Səlim Müslümovun həbs edilməsinə səbəb sosial təminatlarda olan korrupsiyalar idi. Sahil Babayev ondan fərqli olaraq pensiya fondunu mümkün qədər kiçiltdi. Büdcə nə qədər böyük olsa, oğurlamaq imkanı çox olur. Buna görə də  büdcəni kiçildərək bu ehtimalı azaltmış oldu".

S.Cəlaloğlu həmçinin bildirdi ki, bir nəfər həbs ediləndə ona yazığı gəlmək bizim xalqın xüsusiyyətidir: "Korrupsiya edib dövlət malını mənimsəyən adamları həbs etməklə məsələ bitmir.  Onlar daha çox dövlətə vurulan ziyanı ödəməlidir. Bu yaxınlarda da İlham Əliyev dövlətə vurulan ziyanın geri qaytarılması ilə bağlı komisiyya yaradıb. Bu adamları həbs etməkdənsə, daha çox onların vurduğu ziyanı geri qaytarmaq lazımdır. Səlim Müslümov da dövlətə vurduğu ziyanı ödəsə daha  məqsədə uyğun olar".

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti