Artıq Avropa da Rusiyanı tamamilə sıradan çıxarmağın mümkün olmadığı qənaətindədir. Olsa belə, bu addım Çinin daha da güclənməsi, iki dövlət arasında ittifaqın əmələ gəlməsi ilə nəticələnə bilər. Bu da nə Qərbin, nə də Amerikanın arzuladığı bir məsələ deyil.
Ötən günlərdə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Zelenskiyə sülh üçün torpaq verməsinə görə müraciət etmişdi. Ancaq digər fikir də odur ki, topraq verilməsi belə Putini dayandıra bilməz. Hər güzəşt müharibənin miqyasını böyütməyə, digər ölkələrə də təcavüz planlarını həyata keçirməyə həvəsləndirir. Maraqlısı odur ki, kimin dediyində həqiqət var və müharibənin gedişatı üçün ən doğru addım hansıdır?
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, Davos forumunda Rusiya- Ukrayna müharibəsi ilə bağlı istər Kissincerin, istərsə də Sorosun dedikləri kifayət qədər ciddiyə alınmalı məsələdir: "Hər ikisinin olduqca, beynəlxalq siyasət və dünya dövlətləri arasında balansla bağlı xeyli təcrübələri var. Bu adamların dedikləri fikirlər təsadüfi deyil. O fikirləri ciddiyə almasaq, analiz oluna bilən və bilməyən problemlərlə rastlaşa bilərik”.
Tural Abbaslı qeyd etdi ki, Ağ Partiya olaraq, Rusiya- Ukrayna müharibəsi başlayan gündən bu məsələyə 2 futbol komandasının azarkeşliyi kimi baxmağın əleyhinə olmuşuq: “Bunun çox dərin siyasi, iqtisadi problem olduğunu qeyd etmişik.
Müharibəyə emosional tərzdə yanaşmaları kənara qoyub, daha ağıllı, məntiqli qərarlar verilməlidir. Həm Kissincer, həm də Sorosun deməyindən belə aydın olur ki, Amerika və Avropa Ukrayna üzərindən öz savaşını aparır”.
T.Abbaslının sözlərinə görə, Avropa və Amerika üçün qətiyyən Ukraynanın sonraki taleyi maraqlı deyil: “Əsas məqsəd Rusiyanın iqtisadi, hərbi gücünün zəiflədilməsi və idarə oluna biləcək vəziyətə gətirilməsidir. Heç də Rusiyanın tamamilə məhv edilməsindən söhbət getmir. Kissincerin deməyindən də belə aydın oldu ki, Rusiyanı tamamilə məhv etmək nə mümkün, nə də məntiqli deyil. Bu baxımdan Ukrayna xalqı təəssüf ki, xərclənən , istifadə olunan dövlət halına düşdü. Tez bir zamanda Rusiya və Ukrayna rəhbərliyi bir masa arxasında toplaşıb, ilk növbədə atəşkəs imzalamaq barədə düşünməlidirlər, sonra kimin nə güzəşt edəcəyi danışılmalıdır. Bu bizlik məsələ deyil, 2 xalqın birgə verəcəyi qərardır. Amma dünyada belə müharibələrin olmağını istəmirik, iqtisadiyyatımızı, dünyadakı tarazılıqları, quruluşu təhlükə altına ata biləcək, hətta nüvə müharibəsinə də gedə biləcək müharibələrin əleyhinəyik. Bu məsələdə mövqeyimiz tez zamanda sülhün imzalanmasıdır”.
Nigar Abuzər
SİTAT.İNFO