Rusiya - Ukrayna müharibəsinin başlamasında rusmeyllilər Zelenskini, Qərbyönümlülər Putini günahkar görür. Bu savaşın başlamasında ABŞ-ın təktikləyici rolu, Avropa dövlətlərinin əsassız vədləri ilə Ukrayna cəmiyyətini inandırmağı heç kimə sirr deyil. Artıq 3 aydan çoxdur davam edən savaşla bağlı hələ bu sual səslənir ki, müharibədən yayınmaq mümkün idimi?
Bu sualı cavablandıran Ağ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli vurğuladı ki, Zelenskinin hakimiyyətə gəlməsində də əsas məqsəd Rusiyaya qarşı müqavimətin gücləndirilməsi idi:
"Şübhəsiz ki, Zelenski Qərbin dəstəyi ilə prezident seçildi. O, həm də yəhudidir. Bir aktyorun filmə çəkildikdən sonra prezident seçilməsi Qərbin projesi idi. Zelenski Qərbə yaxın adamdır və müharibə başlayandan Vaşinqtonla məsləhətləşir".
Müharibənin qarşısını almaq olardımı sualına gəlincə, Ə. Məmmədli qeyd etdi ki, bunun üçün bir qədər əvvələ getmək lazımdır : "1990-cı illərdə Sovet məkanında separat müharibələr oldu, bu müharibələrin nəticəsində Azərbaycan, Gürcüstan və Moldova ərazilərini itirdi. Həmin dönəmdə Ukrayna ilə Rusiya arasında bir gərginlik yaşanmışdı. Yeltsinin dövründə Rusiya Krımı Ukraynadan almaq istəyirdi, amma Rusiya geri çəkilmişdi. Ukrayna Kuçmanın vaxtında Rusiya ilə münasibətlərini qoruyub saxlaya bilmişdi. İki ölkə arasında normal münasibətlər var idi. Həmin dövrdə də Ukrayna ərazi bütövlüyünü qoruyub saxlamağı bacarmışdı. Bütün proseslər 2014-cü ildən sonra başladı. Bu günə qədər baş verənlərin nəticəsində artıq elə bir mərhələyə gəlindi ki, Ukrayna ərazilərinin 20 faizini itirdi. Rusiya imperialist ölkədir, əlbəttə ki, iddiaları olacaq. Rusiyanın bütün postsovet məkanına qarşı ərazi iddiaları var. Putinin son çıxışı da bəllidir ki, o keçmiş SSRİ-ni bu gün də Rusiya imperiyasının tərkib hissəsi kimi görür. Amma bunun qarşısını diplomatik yolla, ehtiyatlı siyasətlə almaq mümkündür. 2014-cü ilə qədər Ukrayna bunu qorumağı bacarmışdı. Amma 2014-cü ildə tam olaraq Qərbin maraqları Ukraynada daha üstün gəldi və Ukrayna cəmiyyəti elə bildi ki, tam olaraq Qərbi seçərlərsə Avropa Birliyinin, NATO-nun üzvü olacaqlar. Amma olmadılar və bununla bərabər ərazilərinin bir hissəsini itirdilər".
Səid İsaoğlu,
SİTAT.İNFO