Bu il Neft Fondunun gəlirlərində artım gözlənilir. Neftin qiymətinin yüksək olması ilə bağlı hökümət aktivləri artmaqdadır.
Bu ekspertlər tərəfindən sonuncu şans kimi
dəyərləndirilir.
Hətta Neft Fondunun investisiya bankı kimi fəaliyyət göstərib, daxili istehsalı dəstəkləməsi də təklif olunur. Xaricdə aşağı gəlirli aktivlərə yatırmaq əvəzinə, sahibkarlara uzunmüddətli, aşağı faizlə kreditlərin verilməsi sonrakı mərhələdə dövlət büdcəsinin də Neft Fondu üzərindəki yükünü azalda bilər.
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın neft gəlirləri bu il gözləntidən iki dəfə artıq olacaq.
"Neft gəlirlərinin artması əlavə fürsətlər yaradır. Sadəcə bizdə Neft Fondunun statusu fərqlidir. Bunun üçün Neft Fondunun statusu ilə bağlı xüsusi qanun layihəsinin qəbul olunmasına və Neft Fondunun özünün bir investisiya fonduna çevrilməsinə ehtiyac var. Bununla bağlı Norveç təcrübəsi də var. Kifayət qədər uğurlu təcrübə hesab olunur. Norveç fondu artıq neft fondu olmaqdan çıxaraq təqaüd və inkişaf fondu kimi fəaliyyət göstərir. Neftdən, qazdan gələn gəlirləri bu yöndə xərcləmək üçün orada kifayət qədər ciddi investisiya layihələri nəzərdə tutulub. Norveçin keçmiş Neft Fondu istehsal sahələri, şirkətlər, təhsilin inkişafı kimi bir çox layihələrin müəllifidir".
Natiq Cəfərli onu da bildirdi ki, Neft Fondunun investisiya fondu kimi fəaliyyət göstərməsi üçün müəyyən məhdudiyyətlər var: "Bu formata keçmək üçün fondun statusu dəyişməlidir. Bizdə Neft Fondunun investisiya fondu kimi fəaliyyət göstərməsində müəyyən məhdudiyyətlər var. Neft Fondu qiymətli kağızlar , qızıl, daşınmaz əmlak ala bilər, amma hansısa zavod, fabrik və ya instehsal sahəsinin investoru kimi bu günə qədər çıxış etməyib. Bununla bağlı praktika yoxdur. Qanunvericilikdə müəyyən məhdudiyyətlər var. Çünki riskli sayıla biləcək sahələrə vəsait yatırılmasına müəyyən məhdudiyyətlər qoyulur. Ona görə də neft fondunun statusu dəyişdirilib neft və investisiya adlandırılsa, sonra qanunvericilikdə müəyyən dəyişiklik olsa Neft Fondu bu sahədə uğurlu fəaliyyət göstərə bilər. Amma burada da önəmli məsələ odur ki, investisiya üçün ümumiyyətlə şərait yaxşılaşdırılmalıdır. Ölkədə investisiya mühiti arzuolunan səviyyədə deyil".
Lamiyə Xəqani
SİTAT.İNFO