Bu gün Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə aksiya keçiriblər. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər. İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər. Hadisəyə polis müdaxilə edib. Daha sonra nazirlikdən hadisə ilə bağlı açıqlama verilib.
Ümumiyyətlə, cəmiyyətdə narahatlığa səbəb olan məsələlərdən biri də 44 günlük müharibənin qəhrəmanları olan qazilərimizin bir çoxunun sosial durumlarından, veteranlıq və ya əlillik ala bilməmələrindən , işsizlikdən narazılıqları, vaxtaşırı aksiya keçirərək haqlarını tələb etmələri, bəzilərinin intihara əl atması və canına qıyması, bəzilərin müharibə travmaları səbəbindən ağıre psixoloji vəziyyətdə olmasıdır. Dövlət tərəfindən hər nə qədər qazilərin sosial təminatı, onların sağlamlıq durumunun nəzarətdə saxlanılması istiqamətində iş aparılsa da, görünür bunlar yetərli deyil. Müharibənin qan-qadasından sağ gəlib, qalib ordunun əsgəri kimi geri dönən qazilər niyə bir-bir intihar yolunu seçirlər? Onlara ağır gələn, daşıya bilmədikləri yük nədir? Onlarla nə kimi iş aparılmalıdır?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov da bildirdi ki, bu çox ciddi məsələdir: "Son vaxtlar dəfələrlə demişəm ki, Azərbaycanda qazilərlə bağlı yetərincə iş aparılmır. Müharibənin bitməsinin bir müddət sopnra 2 ili tamam olacaq. Ancaq qazilərlə bağlı reklam xarakterli tədbirlərin, işlərin təqdimatını görürük. Belə olmamalıdır. Hər müharibə iştirakçısı ilə psixoloji iş aparılmalıdır. Qazilərimizlə müəyyən iş aparmalıyıq. Əlbəttə ki, müharibədəki itkilərimiz hər birimizi ağrıdır, onlar ən yaxın dostlarını itiriblər. Bu insanlarla zarafat etmək olmaz. Təəssüflər olsun ki, bəzi yetkililər bu məsələyə o qədər də əhəmiyyət vermirlər. Bu intiharlar birdən-birə baş verə bilməz. Erməni yaramazları ilə döyüşdən sağ-salamat qayıdıb, əzasının hansısa bir hissəsini itirən insan normal vəzioyyətdə həyatını asanlıqla qurban verə bilməz. Deməli, hansına problemlərin ucbatından həyatlarına son qoyular. Açığı, boğazdan yuxarı deyilən sözlər çoxdur, amma qazilərin hər biri ilə fərdi şəkildə müvafiq qurumlar iş aparmalıdır".
Ü.Cəfərov vurğuladı ki, bu məsələ ilə bağlı ciddi addımlar atılmayacaqsa, intiharların sayı daha da artacaq: "Müharibə veteranı adlarının veriməməsi, qazilərin haqqının tanınmaması, bəzi məmurların özbaşınalığı davam etdikcə bu hallar bizi təəccübləndirməməlidir. Sitat.info-nun dəyərli oxucularına, müvafiq yetkililərə müracət edirəm ki, bu məsələ ilə bağlı ciddi məşğul olsunlar. 1, 2 intihar sonrakı mərhələdə 100-ə də çevrilə bilər, bu realdır. O insanlar həyatda layiq olduğu dəyəri görmədikləri halda intihara əl atırlar. Əlbəttə intihar çıxış yolu deyil, amma Azərbaycan cəmiyyətində də bir növ biganəlik var. Zaur Həsənov adlı qazimizin Bakının mərkəzində özünə qəsd etməsindən sonra bəzi xoşagəlməz hadisələr oldu. Qazinin yaxınlarının pulla faktiki olaraq ələ alınmasının şahidi olduq. Ayıb şeylər çoxdur. 44 günlük vətən savaş ilə bağlı elə şeylər var ki, dilə gətiriləsi deyil. Həyat yoldaşından ayrılmaq üçün məhkəməyə ərizə vermiş qadının həyat yoldaşı şəhid olandan sonra ərizəsini geri götürməsi kimi iyrənc hallar var. Bəzi qurumlarımız, komitələrimiz belə məsələlərlə məşğul olmasalar, çox böyük faciələrin şahidi olacağıq".
Nigar Abuzər
SİTAT.İNFO