"Dünyada alternativ enerji ilə bağlı bəlli həqiqətlər və bir o qədər də miflər mövcuddur. Belə bir mif var ki, alternativ enerjiyə keçidi sürətləndirmək olar. Amma nə qədər qəribə səslənsə də, alternativ enerjiyə keçid daha çox faydalı qazıntı tələb edir. Çünki alternativ enerjiyə keçid nadir tapılan əlvan metallara tələbatı artırır.
Nəticə etibarilə daha çox faydalı qazıntılar, daha çox təbiətə ziyan vura biləcək addımlar atılacaq".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, nə qədər ki, ənənəvi enerji daşıyıcıları, yəni neft və qaz bahadır, alternativ enerjiyə maraq artır, investisiya qoyuluşu da sürətlənir: "Nə qədər neft və qaz bahadırsa, bu sahəyə maraq artıq olacaq. Neftin və qazın qiyməti düşsə alternativ enerjiyə pul yatıran olmayacaq. Bu keçid prosesi kifayət qədər ciddi problemə çevrilə bilər. Alternativ enerjiyə keçmək üçün ənənəvi enerji baha olmalıdır".
İqtisadçının sözlərinə görə, hazırda dünyanın trendi bu yöndədir: "Yeni texnologiyalar artır, Günəş və külək enerjisinin maya dəyəri əvvəlki illərə nisbətən aşağı düşür. 20 il öncə Günəş enerjisinin bir kilovatı 26 sent idi, indi bəzi ölkələrdə 2-3 sentə qədər düşüb. Yəni 10 dəfə ucuzlaşıb. Bu çox ciddi nailiyyətdir.
Azərbaycan kimi neft ölkələrinin ənənəvi enerji satışından faydalanmaq üçün təxminən 7-8 illik zaman ehtiyatı qalıb. 2030-cu ildə biz tamam başqa bir enerji dünyasında yaşaya bilərik. O zaman enerji daşıyıcılarının qiymətinin də, tələbatın da çox aşağı düşdüyünün şahidi olarıq".
N.Cəfərlinin fikrincə, Azərbaycan çalışmalıdır ki, bu keçid dövründə normal innovativ və çoxşaxəli iqtisadi modelə keçə bilsin, neft-qaz asılılığını minimuma endirsin: "Əgər biz bunu bacarmasaq Azərbaycanın makroiqtisadi göstəriciləri, əhalinin dolanışığı kifayət qədər zəifləyəcək".
Lamiyə Xəqani
Sitat.info