"Neftin qiyməti artır. Azerlight markalı neftin qiyməti artıq 130 dollar civarındadır. Büdcədə neftin 1 barelinin qiyməti 50 dollardan götürülüb. Təbii ki, büdcədə korrektələr edilməlidir.
Ancaq bu korrektələr daha çox qeyri-neft sektorunun inkişafına ayrılsa daha faydalı olar".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, neftin qiymətinin daim belə qalmayacağını hər kəs bilir: "Çünki hazırda neftin qiymətinin qalxmasının səbəbləri siyasi hadisələrdir. Bu proseslər başa çatdıqdan sonra neft öz real qiymətinə geri dönəcək və hamımız da bilirik ki, real qiymət 130 dollar deyil. Biz indi bundan istifadə edib büdcə dəyişikliklərinə gedib, büdcə gəlirlərinin artım hissəsinə əlavələr etməliyik. Ancaq bu əlavələr maaşların artırılmasından, korrupsiyaya qurban gedəcək təmir-tikinti işlərinə yönləndirilməməlidir. Yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı üçün kreditlərin və yaxud dəstək paketlərinin verilməsinə və sairə ayrılmalıdır".
Partiya sədri büdcə dəyişikliklərinin iqtisadiyyata faydalı olacağı ilə bağlı ümidsiz danışdı: "Amma mən əminəm ki, yenidən büdcədə müzakirələr zamanı sırf böyük investisiyalar müxtəlif sahələrə ayrılacaq. Böyük investisiyalar dedikdə təmir-tikinti sahələrini nəzərdə tuturam. Bu sahələrə ayrılan pullar da korrupsiyaya qurban gedəcək. İnanmıram ki, bu gəlirlər Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində xərclərə yönləndirilsin. Çünki heç bir ictimai müzakirə getmir, özləri müzakirə edir, özləri artırır. Məsələlər ciddi dairələrdə müzakirə olunmur. Qapalı şəraitdə hazırlanır, qapalı şəkildə parlamentə gətirir. Parlament isə hazırda notarius rolu oynadığı üçün, gələn bütün qanunları təsdiqlədiyi üçün orada da ciddi müzakirələr getmir. Bu baxımdan büdcə dəyişiklikləri ilə bağlı müsbət fikirdə deyiləm".
Lamiyə Xəqani,
SİTAT.İNFO