"Rusiya Cənubi Qafqazda yeni savaş törətməyə çalışır: Kreml “qırmızı cizgiləri” aşır, regional xaosa səbəb ola biləcək təxribatlara əl atır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda gündəmə gətirdiyi “delimitasiya anlayışı” əsl diplomatik və geopolitik skandaldır. Bu, yalnız beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Cənubi Qafqazda yeni müharibə üçün qondarma səbəblər yaratmaq cəhdidir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Türkiyədən birbaşa Ermənsitana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonrakı mətbuat konfransında Azərbaycanın əleyhinə fikirlər səsləndirib: "Diplomata yaraşmayan mövqedən çıxış edən S.Lavrov bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin prioritetlərindən biridir: “Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası baxımından orada müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq. Rusiya xarici işlər nazirinin bu açıqlaması əsl geopolitik skandaldır. Çünki, Kreml rəsmisinin bu açıqlaması bütün “qırmızı cizgilər”in aşılması anlamına gəlir. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunublar. Üstəlik, Rusiya sülhməramlı qüvvələrinin statusu hələlik ratifikasiya edilməyib. Və əslində, beynəlxalq hüquq normaları baxımından, bölgədə qeyri-qanuni olaraq, yerləşdiriliblər.
Ona görə də, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlı qüvvələrinin hansısa prioritetləri ola bilməz. Əgər, üçtərəfli anlaşmalar üzrə öhdəliklər nəzərdə tutulursa, onda Kreml Rusiya sülhməramlı qüvvələrinin həmin sənədin tələblərini kobud şəkildə pozmaqda davam etdiklərini etiraf etməlidir. Və keçmişə dayalı ciddi araşdırma aparmadan belə, bunu sübut etmək qətiyyən çətin deyil".
Siyasi şərhçinin sözlərinə görə, məsələ ondadır ki, son bir neçə gün ərzində Ermənistanın baş prokuroru Artur Davtyan və xüsusi vacib məsələlər üzrə səfiri Edmond Manukyan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər ediblər: "Üçtərəfli anlaşmalara görə, Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılar isə rəsmi Bakının razılığı olmadan bu iki erməni rəsmi şəxsin bölgəyə girişinə imkan verib. Və bu, rus sülhməramlıların bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olduqlarını növbəti dəfə təsdiqləyir. Digər tərəfdən, Rusiya xarici işlər nazirinin delimitasiya və demarkasiya prosesi ilə bağlı anlayışı da yanlışdır. Çünki, bu proses yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, bölgədə yeni savaşın əsasını qoymaq, bunun üçün süni səbəblər yaratmaq cəhdidir".
E.Xalidbəylinin fikrincə, bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir: "Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun. Və ardıncasa, Azərbaycan və Ermənistan arasında yeni savaşın baş verməsi mümkün olsun. Belə anlaşılır ki, Rusiyanın vasitəçiliyi yalnız prosesin pozulmasına indeksləşib. Kreml Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrünün başlanmasında maraqlı deyil. Bəzi əlamətlərə əsasən, Rusiyanın hətta Cənubi Qafqazda yeni müharibə ssenariləri üzərində işlədiyini də düşünmək olar. Və xaosun hökm sürəcəyi Cənubi Qafqaz indi Kreml üçün daha sərfəlidir".
Ləman Sərvanqızı,
SİTAT.İNFO