Dünyanın gözü 3 aydan çoxdur ki, davam edən Ukrayna-Rusiya müharibəsindədir. Hamını bir sual düşündürür. Putin nə vaxt dayanacaq? Dünyanın Rusiyaya tətbiq etdiyi ağır sanksiyalar Putini işğalçı siyasətindən çəkindirəcəkmi? Amerika və Avropanın sanksiyaları xalqı ayaqlandırıb, Putin hakimiyyətini devirəcəkmi? Bu müharibə nə zaman bitəcək?
Bütün bu məsələlərlə bağlı ADP sədri Sərdar Cəlaloğlu sitat.info-nun suallarını cavablandırıb.
-Sərdar bəy, Ukrayna-Rusiya müharibəsi 3 aydan artıq ki, davam edir. Bu müharibədə kim uduzur?
- Ümumiyyətlə, Rusiya iqtisadi və hərbi cəhətdən məğlub olur. Onu deyim ki, Rusiyanın sürətli məğlub olması çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Qərb də Rusiyanın məqsədli şəkildə məğlubiyyətini daha uzun zamana yaymaq istəyir. Burada Qərb Rusiyanı hərbi cəhətdən yox, daha çox iqtisadi cəhətdən çökdürülməsində maraqlıdır. Bunun üçün də bəhanə lazımdır. Bu bəhanə isə Rusiyanın Ukraynanı işğal eləmək və idarə eləmək cəhdidir.Yəni bu baxımdan Qərb bir neçə məsələdə Rusiyaya qalib gəlib. Birincisi odur ki, Ukrayna və Rusiya arasında elə düşmənçilik münasibətləri formalaşıb ki, uzun illər bu iki xalq arasında müsbət münasibət mümkün olmayacaq.
- Əks hücumda hansısa nailiyyət mümkündürmü?
- Rusiya beynəlxalq ictimaiyyət tərəfindən təklənib, nüfuzunu itirib. Artıq sadə ruslara qarşı dünyada nifrət var. Eləcə də Rusiya iqtisadiyyatı durmadan çökür. Rusiya qısa müddətdə öz hərbi potensalını itirib. Faktiki olaraq Ukraynanı ikin günə işğal eləmək planı çıxan dövlətin, 3 aydan artıqdır hərbi nəzarəti ələ ala bilməməsi elə məğlubiyyətin göstəricisidir. Ukrayanın əks hücumu, öz ərazisini təmizləməklə bağlı addımları təxminən iyul və avqust aylarında baş verəcək. Həm Amerikanın və Avropanın silah dəstəyi bu yaxınlarda çatdırılacaq. Və həmin vaxtda Ukrayna daha da güclənəcək, Rusiya ilə sona qədər vuruşacaq. Rusiya demək olar ki, məğlub olduğuna görə hərbi- iqtisadi sahədə müharibə aparmaq ruhiyyəsində də deyil.
- Sərdar bəy, ekspertlər Putinin məğlubiyyətlə barışdığını, hətta gizli danışıqlara getdiyini deyir. Əgər Putin danışıqlara gedərsə, masada necə qalib çıxacaq? Bütün bu baş verən uğursuzluqlardan sonra xalqın gözündə necə qəhrəman olacaq?
- Gəlin etiraf edək ki, faktik olaraq Rusiyanın məğlub olması qaçılmazdır. Rusiya vəziyyətdən çıxmaq üçün çabalayır, artıq Ukrayna üçün danışıqlar istəyir. Putinin əsas problemi bu müharibədən üzünü necə qoruyaraq, çıxmaqdır. Rusiya istəmir ki, nüfuzunu itirsin. Ukraynanın da öz torpaqlarını vermək fikri yoxdur. Ukrayna Rusiyanın ikinci, üçüncü maraqlarını təmin edə bilər. Rusiya isə Ukraynanın birinci dərəcəli maraqlarını təmin edə bilər.
Bununla da həm özünü, həm ölkəsini iqtisadi böhrandan xilas edə bilər. Rusiyanın masadakı tələbi isə odur ki, Ukrayna NATO-ya üzv olmasın, yəni Ukrayna silahsızlaşdırılsın. İndki halda Rusiya üçün bu şərtlər bir qədər məqbul görünməsə də, məğlubiyyət dərinləşsə, məcbur razılaşacaq".
Lamiyə Xaqani,
Sitat.info