Xankəndiyə gizli yüklər gətirilir: Sülhməramlılar yük maşınlarına göz yumur...

17:33 11 İyun 2022

Bu günlərdə Şuşaya səfər edən media nümayəndələri şəhərin girişində narahatlıq doğuran bir faktın şahidi olublar. Belə ki, jurnalistlər,  sülhməramlıların, o cümlədən Azərbaycan hərbçilərinin müşahidə apardığı ərazidə rus sülhməramlılarının  Xankəndidən Ermənistana gedən və əks istiqamətdə gələn erməni maşınlarını səthi yoxlanılığının şahidi olublar. Təxminən 10 dəqiqə ərzində 7-8 yük maşını və 4-5 minik avtomobilinə baxış keçirən sülhməramlılar ciddi bir yoxlama aparmadan onları postdan buraxıblar. Yük maşınları ilə hansı yüklərin Ermənistandan Xankəndinə daşındığına nəzarət etməli olan sülhməramlıların bu davranışı Azərbaycan ictimaiyyətini narahat edən məsələdir. Çünki Azərbaycan hərbçilərinin də həmin yük maşınlarını yoxlamaq səlahiyyəti yoxdur. Bu mənada erməniləri Laçın dəhlizindən  istədikləri kimi yük daşımaqda və təxribatçı əməllərinə zəmin yaratmaqda davam edirlər. 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, sülhməramlıların bu davranışları özbaşınalıqdan irəli gəlir: "Biz İsa bulağına gedəndə ermənilərin yolu bağlanır. Laçından Şuşaya yük maşınları gələndə isə onları dəhlizdə ruslar müşayiət edir. Bu müşaiyət zamanı rus sülhməramlılarının özünü müəyyən qədər hegemon aparmasına dair müəyyən siqnallar, görüntülər var. Mən daha əvvəl də bu barədə məlumat paylaşmışam. İstənilən halda bu sülhməramlıların öz funksiyalarını aşması ilə bağlıdır. Yəni, bu birbaşa olaraq özbaşınalıqdır".

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan bu məsələyə daha ciddi yanaşır: "Azad olunan ərazilərə buraxdığı vətəndaşların hər birinə portalda icazə verir, hansı rayona daxil olursa,  hər dəfə ayrı-ayrı ərazilərdə yoxlanılır.

Məsələn, vətəndaşlarımız Füzulidən Cəbrayıla keçəndə biz onları yenə də yoxlayırıq. Rusiyanın isə belə bir səlahiyyəti yoxdur. Sülhməramlıların bizim ərzimizdə bizim vətəndaşlarımızı yoxlamaq haqqı yoxdur. Sadəcə kənardan ümumi baxış keçirə bilər. Sənəd və yükləri yoxlaya bilməzlər".

Ə.Verdiyev vurğuladı ki,  sülhməramlılar parlamentə gəlib hesabat verməlidirlər: "Hesabat verməlidirlər ki, nəyə görə birgə bəyanatin şərtləri yerinə yetirilmir.  Nəyə görə erməni silahliları həmin ərazidə var, niyə çıxarılmayıb? Bunları bilərəkdən edir, Azərbaycan tərəfini qıcıqlandırmaq istəyirlər. Ölkə başçımız da demişdi ki, Xankəndiyə daxil olan erməni maşınlarının 91 faizi yoxlanılmır, çıxan maşınların isə 46 faizi nəzarətdən kənarda qalır". 

Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti