Rusiya Ukrayna cəbhəsində zəiflədikcə Türkiyə və Azərbaycanla müttəfiqliyin dəyəri bir o qədər artır. Bu faktor Qarabağ probleminin həlli istiqamətində Rusiyanın neytrallaşdırılması baxımından da önəmli rol oynaya bilər. Bəs bu şərtlər daxilində Rusiyanın Qarabağdan çəkilməsi mümkündürmü?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, hazırda Türkiyə Rusiyaya öz milli maraqlarından "kömək" edir, Rusiya isə Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil: " Bu isə o deməkdir ki, ruslar Qarabağda ən azı yeni problemə səbəb olmayacaq. Böyük ölçüdə bunun üzərində rusların başqa hansısa güzəşt edə biləcəyini düşünmürəm. Qarabağdan getsələr, ilk növbədə ermənilər üzərində təsir imkanlarını itirirlər. Amma bu o demək deyil ki, Qarabağda qalıcıdırlar. Ruslar da münasib ortam yarananda gedəcəkdir".
A.Hüseyonov vurğuladı ki, Rusiyanın Qarabağdan gedəcəyinə təsir edən amillərdən biri Türkiyənin inkişafının gələcəkdə necə olacağına bağlıdır: "Prezident Ərdoğan Böyük Türkiyə projesini reallaşdırır. Bunun üçün Milli Müdafiə Sənayesini qurur. Eyni zamanda ətraf dövlətlərdə təhlükə ocaqlarını söndürür. Türkiyə daxilində bunu istəməyən qüvvələ vardır. Bunlar qlobal maliyyə, sərmayə ailələri və ABŞ-a bu və ya digər formada bağlı qüvvələrdir. Onlar zaman-zaman iqtisadi sabotajlar edirlər. Türkiyə "Nizamı-Aləm" üçün çalışır. Bu ideyalogiya dünyada adil nizam qurmaq və dünyanı sərmayə hakimiyyətindən qurtarmaqdır. Digər tərəfdə isə sərmayənin nəzarətində qlobal ultra sekulyar nizam qurmaq istəyən qloballistlər var. Bu Rusiya və Türkiyəni bir araya gətirir. Rusiya tarixi imperial hədəfləri olan, kobud gücdən istifadə edərək bütün nəzəriyyələri yox edən bir amildir. Türkiyəni tarixi rəqibi, dünya türklərinin opponentidir."
Siyasi şərhçi vurğuladı ki, hazırda bu iki qüvvənin qarşısında qlobalizm deyə bir problem var: "O problem zaman-zaman aclıqlar, mənşəyi məlum olmayan xəstəliklərdə təzahür edir. Və biz, Azərbaycan, gənc və potensiallı dövlət olaraq son zamanlar Ümumtürk şüurumuzun oyanması sevindiricidir. Qarabağ savaşından sonra bu şüur yüksəlir. Amma xaotikdir, ideoloji cizgiləri tam oturmayıbdır. Bu şüurun ümmətçiliklə yoğrulması da lazımdır. Bir sözlə, Türk amilinin Rusiyanı Qarabağdan çıxarmasının açarları bizim əlimizdədir".
Nigar Abuzər
SİTAT.İNFO