Rusiya dağılacaqmı? Tural Abbaslıdan ŞƏRH

15:40 13 İyun 2022

"Rusiya dağılacaq ifadəsi bir qədər ciddi ifadədir. Bu ifadəni işlətmək üçün xeyli analizlər olmalıdır. Bu müharibə Rusiyanı təbii ki, siyasi və iqtisadi baxımdan zəiflədir. Amma Ukrayna müharibəsinin Rusiyaya qazandırdıqları da var. Ukraynanın ərazilərini özünə birləşdirir, ərazisini genişləndirir. Dünyanın müasir düzənini dəyişdirir, öz avtoritetini bir çox ölkələrə qəbul etdirir".

Bu sözləri SİTAT.İNFO - ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Onun sözlərinə görə, bizdə bu məsələyə daha çox emosional yanaşılır: " Mən də Rusiyanın zəifləməsini, dağılmasını, parçalanmasını istəyirəm. Onun yerində bir neçə dövlət yaranacaq və onlar əsasən türk dövlətləri olacaqlar. Bu baxımdan Rusiyanın parçalanması bizim də arzumuzdur. Dünyanın özü Rusiyanın parçalanmasını istəyirmi? Avropa Birliyi, Amerika Rusiyanın dağılmasını istəyirmi? Yoxsa Rusiyanı indi formada öz nəzarətlərinə keçirmək istəyirlər? Bunlar tamamilə fərqli məsələlərdir. Rusiyadan imtina etmək dünya üçün, Avropa üçün asan deyil. Hələ də Rusiyadan qaz asılılıqları, qaz asılılıqları var. Eyni zamanda kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl üzrə ərzaq təhlükəsizliyi məsələsində Rusiyanın böyük payı var".

T.Abbaslı o fikirdədir ki, hazırki sanksiyalar Rusiyanı çökdürməyəcək: "Rusiya ilə bağlı deyilənlər daha çox emosional sözlər idi. Biz zamanında bu məsələyə arzu-istəklər üzrə deyil, ayıq başla baxmaq lazım olduğunu deyəndə cəmiyyət bizi anlamadı, bir çoxları bizi ruspərəstlikdə ittiham elədi. Amma qəti şəkildə Rusiyaya qarşı çıxan əsas siyasi qüvvələrdən biri biz idik. Amma siyasi hadisələri real dəyərləndirmək lazımdır. Deyirlər ki, sanksiyalar Rusiyanı çökdürəcək, bəs hanı? Rusiya müharibə başlayandan bəri, ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox pul qazanıb. Rusiya qazından, neftindən, bəzi xidmətlərindən hələ də imtina etməyiblər. Bu mənada Rusiya dağılacaq anlayışı iflasa uğradı. Doğrudur, Rusiya zəiflədi. Amma dünya da zəiflədi, Avropa da, Amerika da. Bahalaşma artdı. Mən inanıram ki, uzaq gələcəkdə bu sanksiyalar Rusiyaya hansısa dağıdıcı təsir göstərsin. Rusiyanı nəzarətdə  saxlamaq, 5-10 il geriyə salmaq olar. Amma bu yolla dağıtmaq mümkün olmayacaq".

Banu,

SİTAT.İNFO



Xəbər xətti