"Bu müharibədə mənəvi-psixoloji üstünlük Ukraynada olsa da, hərbi-taktiki üstünlük Rusiya tərəfindədir. İstənilən halda Rusiyanın işğalı altına düşən ərazilərin miqyası artan dinamika nümayiş etdirir".
Bu sözləri SİTAT.İNFO -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, səbəblərdən biri də Ukraynaya verilən vədlərə əməl olunmamasıdır: "NATO-nun və Avropa İttifaqına üzv ölkələrin Ukraynaya söz verdikləri silah yardımı, o cümlədən Lend Liz təhcizatı ilə ilə bağlı silah tədarükü hələ də gözlənilən səviyyəyə çatmayıb. Verilən silahların əksəriyyəti isə Ukraynanın öz ərazilərini işğaldan azad etməyə hələlik imkan vermir. Biz Ukraynada çox sayda Rusiya raketlərinin sərf olunduğunu müşahidə etsək də, bu ehtiyatlar azalsa da, yenə Rusiya tərəfindən qanadlı raketlərin tətbiqi davam etməkdədir. Əvvəlki intensivlikdə olmasa da, bu raketlərdən Ukraynanın müxtəlif ərazilərinə zərbə endirilməsi davam edir".
Ə.Verdiyev vurğuladı ki, Qərb hücum silahları və uzaqmənzilli hava hücumundan müdafiə silahları söz versə də, bu təchizatlar kifayət qədər məhdud miqyasdadır: " Onlar 2 min kilometrlik perimetr üzrə Ukraynanın uğurlu və uzunmüddətli əks hücum əməliyyatları aparmağa hələlik imkan vermir. Qərbin verdiyi silahların nomenklaturasına baxdıqda belə məlum olur ki, Qərb nə Rusiyanın qalib gəlməsinə imkan vermək istəmir, nə də Rusiyanın taktiki və operativ üstünlük əldə etməsinə çalışmır. Sanki müharibənin hələ bundan sonra da bir neçə ay davam etməsində maraqlıdırlar. Bir məqamı da nəzərə almalıyıq ki, Ukraynaya verilən silahlar Qərb istehsalıdırsa, onların ekipajlarının hazırlanması, Ukrayna müdafiə sisteminə onların inteqrasiyası da müəyyən zaman alır".
Banu,
SİTAT.İNFO