Türkiyədə İsrail vətəndaşlarına hücum hazırlayan iranlılar saxlanıldı

11:33 14 İyun 2022

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İstanbulda israilli turistlərə qarşı hücum hazırlayan İran xüsusi xidmət orqanlarının nümayəndələrini saxlayıb.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Yedioth Ahronoth” nəşri yayıb.

“Türkiyədə İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə nümayəndəsi saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Türkiyə mediası isə yazır ki, iranlıların daha bir qrupu hələ də azadlıqdadır və onların ölkədə olan israillilərə qarşı hücum təşkil edəcəyi təhlükəsi var.

“Yedioth Ahronoth” nəşri xatırladıb ki, hələ mayın 30-u İsrailin Xarici İşlər Nazirliyi İstanbulda olan İsrail vətəndaşlarına tez bir zamanda ölkəni tərk etməyi tövsiyə edib. 

Qeyd edək ki, son həftələrdə İranda pilotsuz uçuş aparatı, raket və peyklərin yaradılması, eləcə də nüvə sahəsində çalışan alimlərin və mütəxəssislərin müəmmalı şəraitdə dünyasını dəyişməsi qeydə alınıb. İran bu hadisələrin arxasında İsrail xüsusi xidmət orqanlarının əməkdaşlarının dayandığını güman edir.

 

/Qafqazinfo



Xəbər xətti