"ABŞ Prezidenti Co Baydenin Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıqlara məhəl qoymadığı barədə açıqlamasından sonra, sonuncunun ənənəvi ritorik sullarında və ittihamlarında müəyyən dəyişikliklərin olacağı gözlənilən idi. Zelenskinin giley-güzarının, onun ABŞ prezidenti ilə bir saatlıq telefon danışığından sonra müəyyən qədər sərt şəkil alması, görünür Qərb blokunda mərkəzdənqaçma meyllərinin artması barədə məlumatların öz təsdiqini tapması ilə bağlıdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, məsələ burasındadır ki, hazırda həm ABŞ prezidentinin, həm də Vaşinqtonun Avropadakı müttəfiqlərinin, həm də Ukraynanın dövlət başçısının mövqeyində giley və şikayət notları daha aydın hiss olunur: "Bu isə daha çox zəifliyin, gücsüzlüyün əlamətidir. Ritorika nə qədər sərt olursa olsun, əsas məsələ məzmunda, bu ritorikanın alt qatında dayanan məqamlardadır. Əgər Ukraynaya vaxtında Rusiyanın hərbi potensialının qarşısını kəsmək üçün gərəkli olan silahlar verilsəydi, ola bilsin ki, güclü müqavimətin qarşılığında rəsmi Kiyev ölkəsini daha əlverişli şərtlərlə müharibədən çıxara bilərdi. İndisə belə bir imkan yoxdur və Zelenski hələ də Qərb blokunun real dəstəyinə ümid bəsləməklə, giley-güzar etməklə növbəti yanlışlığa yol verir".
E.Mirzəbəyli hesab edir ki, Zelenski cəsarətli insandır, amma təcrübəsizdir: "Bu baxımdan hələ də hadisələrin gedişatını düzgün qiymətləndirə bilmir. Əslində müharibənin davam etdiyi hər gün sülhün şərtlərini daha da sərtləşdirir. Bu müstəvidə o zaman əks proses baş verə bilərdi ki, Rusiya ordusuna və iqtisadiyyatına uzun müddət barpası mümkün olmayan zərbə vurulsun. Müharibə Ukrayna ərazisində gedir, bu ölkənin şəhərləri, kəndləri dağılır. İnsan itkisi Rusiya üçün önəmli amil deyil və hətta Rusiya indikindən daha ağır itkilər versəydi belə, bu sözügedən ölkədə müharibənin dayandırılmasına gətirib çıxara biləcək etirazlara səbəb olmayacaqdı.
Müharibə davam edəcək və çox təəssüf ki, hadisələrin inkişaf perspektivləri yaxşı heç nə vəd etmir. Ola bilsin ki, Ukraynada Gürcüstan ssenarisi təkrarlansıb, Ukraynada "ukrayna arzusu"nun reallaşdırılsın".
Ləman Sərvanqızı
SİTAT.İNFO