"Mərkəzi Bank 2022-ci ilin ilk rübü üzrə ödəmələr balansı statistikasını açıqlayıb. Burada qiqqətçəkən 3 məqam var. Maliyyə hesabında 1.196 mlrd. dollar defisit yaranıb".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, neft-qaz gəlirlərinin kəskin artımı hesabına cari əməliyyatlar balansında 3.953 mlrd. USD profisit yaransa da, ötən ilə nisbətən bu hesabın qeyri-neft kəsiri 18% (235 mln. USD) böyüyürək 1.5 mlrd. dolları ötüb: "Kəsirin belə böyüməsində idxalın 30%-dək genişlənməsi əsas rol oynayıb".
İqtisadçı ekspertin sözlərinə görə, ölkədən kapital çıxışının həcmi də çox olub: "Mərkəzi Bankın "balanslaşdırıcı maddə", İMF-in metodologiyasında isə "xalis xəta və səhvlər" kimi göstərilən maddə üzrə ölkədən xaricə 1.184 mlrd. dollar kapital çıxışı baş verib. Ümumilikdə isə neft-qaz gəlirlərinin 2.1 dəfə artması nəticəsində ölkənin tədiyyə balansının ümumi saldosunu 1.5 mlrd. dollardan çox profisitlə başa vurmasına imkan yaradıb".
Banu,
SİTAT.İNFO