Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” müxalifət blokundan olan deputatı Tiqran Abramyan başından böyük bir açıqlama ilə gündəmə gəldi. O, Rusiya-Ukrayna böhranı fonunda Azərbaycan saytları və teleqram kanalları Rusiya əleyhinə təbliğata başladığını deyərək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinin Ermənistanın xeyrinə olduğunu vurğuladı.
“Rusiya hərbçilərinə qarşı nifrət, sarkazm, öldürülən, yaralanan, əsir düşən hərbçilər haqqında təhqiramiz ifadələr Azərbaycanın daxilində ruslara qarşı genişmiqyaslı düşmənçiliyin formalaşdığını göstərir. Aydındır ki, Rusiya tərəfi bütün bunları qeydə alır, lakin əks tədbirlərə nə vaxt başlayacağı hələ bəlli deyil. Bunun Rusiya-Ukrayna böhranından sonra Moskva ilə Bakı arasındakı münasibətlərə necə təsir edəcəyini təhlil etmək lazımdır. Bu, Rusiya ilə müttəfiqlik münasibətləri və Moskvanın Ermənistan-Azərbaycan-Artsax proseslərində əsas rolunu nəzərə alaraq Ermənistan üçün vacibdir”, - deputat qeyd etmişdi.
Mövzu ilə bağlı bu gün SİTAT.İNFO-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli vurğuladı ki, Ermənistanda siyasi şərhçilərin Azərbaycan mətbuatında Ukrayna savaşı ilə bağlı materiallara istinadən ölkəmizin Rusiya ilə münasibətlərinin pozulacağını iddia etməsi “bulanıq suda balıq tutmaq” üzrə erməni vərdişlərindən qaynaqlanır: "Əslində İsə, tamamilə mənasız və əsassız iddiadır. Azərbaycan mətbuatında yer alan materiallar Rusiya ilə münasibətlərin pozulmasına səbəb ola bilməz. Çünki Azərbaycan mətbuatı Rusiya cəmiyyəti və rus xalqı barəsində hər hansı mənfi məzmunlu materiallar dərc etmir. Azərbaycan mətbuatında sadəcə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi haqlı olaraq, tənqid edilir. Rusiya Ukrayna ərazilərini işğal edib və buna hər hansı formada haqq qazandırmaq mümkün deyil. Ukrayna müstəqil dövlətdir və onun beynəlxalq hüquqla tanınmış əraziləri də toxunulmaz xarakter daşıyır. Rusiya isə heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən Ukraynanın suveren hüquqlarına qəsd edir, müstəqil bir dövlətin ərazilərini ələ keçirir. Buna heç bir halda göz yummaq, tolerant yanaşmaq olmaz. Rusiya imperialist bir dövlətdir və Ukraynaya qarşı törətdiyi hərbi fəlakətləri başqa ölkələrin də başına gətirə biləcəyini qətiyyən gizlətmir".
Siyasi şərhçinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin də “I Pyotr taktikası”ndan danışması bütün qonşu dövlətlər üçün real təhlükənin olduğunu təsdiqləyir: " Ona görə də, yalnız Azərbaycanın deyil, bütün dünyanın mətbuat qurumları Ukraynada baş verənlərlə bağlı əsl həqiqətləri yazmalıdır. Öz xalqlarını gözlənilən böyük təhlükələrə hazır olmağa çağırmalıdır. Rusiyanın Ukraynada mülki əhaliyə qarşı törətdiyi qətliamlara, yaşayış məntəqələrini, uşaq bağçalarını, məktəbləri, xəstəxanaları bombalanmasına kimsə haqq qazandıra bilməz.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan mətbuatı dünya informasiya məkanının tərkib hissəsi olmaqla yanaşı, Ukrayna savaşına beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsindən yanaşır. Əgər, Ukrayna Rusiyaya hücum etmiş olsaydı, onda vəziyyət tamamilə fərqli olardı. Yəni, Azərbaycan mətbuatı da Ukraynanın haqsız olduğu barədə yazardı. İndiki haldasa, Rusiya Ukraynanı dağıtmaqla məşğuldur və buna heç bir halda haqq qazandırmaq olmaz".
E.Xalidbəyli vurğuladı ki, Azərbaycan mətbuatının Ukrayna savaşı ilə bağlı obyektiv mövqe tutmasının Rusiya ilə münasibətlərə ciddi təsir göstərə biləcəyi ilə bağlı da elə bir ehtimal yoxdur: "Çünki, Rusiya imperialist dövlət olduğundan, MDB məkanı dövlətlərinə öz ərazisi kimi yanaşır. Hətta Azərbaycan mətbuatı Rusiyanı tərifləmiş olsaydı belə, Kremlin siyasi kursu dəyişməzdi. Rusiya Azərbaycanda 20 yanvar faciəsini törədib, Kreml həmişə Ermənistanı himayə edib, rus qoşunlarının dəstəyi ilə işğal edilmiş ərazilərimiz 30 il erməni işğalında saxlanılıb, Ermənistana milyardlarla dollar silah hədiyyə edib və s. Bütün bunlar baş verərkən Ukrayna savaşı yox idi və Azərbaycan mətbiatı da Rusiyanın işğalçılığını belə intensiv tənqid etmirdi. Elə indinin özündə də Rusiya Azərbaycana qarşı ədalətsiz mövqeyini davam etdirir. Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı Moskva Bəyannaməsi imzalansa da, Kreml həmin sənədin tələblərinə riayət etmir. Rusiya sülhməramlıları müvəqqəti dislokasiya olunduqları Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçulara ciddi şəkildə dəstək verir, bölgədə “rus icması” adlı yeni problem uydurmağa çalışır.
Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişi hazırlanması prosesini də bütün mümkün vasitələrlə pozmağa çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə verdiyi skandal açıqlamalar da buna misaldır. Rusiya Cənubi Qafqazda öz maraqları naminə gərginliyin qalmasında, hətta yeni regional savaşın baş verməsində birbaşa maraqlıdır".
Siyasi şərhçinin sözlərinə görə, Bütün bunlar onu göstərir ki, Rusiyanın hədəfləri və planları dəyişməzdir: " Azərbaycan mətbuatının Ukrayna savaşına beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində yanaşması isə Kremlin imperialist siyasətinə heç bir səviyyədə təsir göstərmir. Hətta bütün Azərbaycan xalqı Rusiyanı dəstəkləmiş olsaydı belə, Kreml ölkəmizlə münasibətlərinə yalnız “erməni pəncərəsi”ndən baxmaqda davam edəcəkdi. Yəni, dəyişən heç nə yoxdur. Rusiya 200 il, 100 il və ya 30 il əvvəl hansı hədəflərə can atırdısa, indi də eyni imperialist siyasəti davam etdirməyə çalışır. Bu məsələnin mətbuatla, xalqlarla, cəmiyyətlərlə və s. heç bir əlaqəsi yoxdur".
Lamiyə Xəqani,
SİTAT.İNFO