"Qara polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun ailəsinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
SİTAT.İNFO xəbər verir ki, mərhum polkovnikin oğlu Adil Hüseynovun sürücüsü işləmiş 1989-cu il təvəllüdlü Cavid Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə ona 7 il müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Cavid Məmmədzadə Fətulla Hüseynovun həyat yoldaşı Eleanora Hüseynovanın qızlarına məxsus olan və Bilgəh qəsəbəsində yerləşən ümumilikdə 0,237 hektar torpaq sahəsini sənədləşdirərək satmaq istəmələrini öyrənib. Torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını bilən sürücü E.Hüseynovaya Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verərək ondan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək 3 dəfəyə ümumilikdə 137 min manat pul alıb. Lakin sonradan onun vədinə əməl etməməsi və pulları mənimsəməsi üzə çıxıb.
Cavid Məmmədzadə daha sonra Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini Hüseynovlar ailəsinə versə də, onlar bu torpaq sahəsini deyil, Cavidin onlardan aldığı 137 min manatı geri qaytarmasını tələb edib.
Qeyd edək ki, C.Məmmədzadənin Gürcüstandan maşın gətirmək adı ilə 4500 manat alıb vədinə əməl etmədiyi şəxs də məhkəmədə E.Hüseynova ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı. (Qazqazinfo.az)