Türkiyə ilə müharibə Yunanıstan üçün faciə ilə bitər: Hərbi üstünlük...

12:29 15 İyun 2022

Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik son vaxtlar dünya mediasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Hətta bu iki dövlət arasında gərginliyin müharibə ilə nəticələnə biləcəyi də iddia edilir. 

Bəs görəsən, iki NATO dövləti arasında müharibə ehtimalı realdırmı? Eyni zamanda Yunanıstanın  Türkiyənin hərbi qüdrəti qarşısında duruş gətirmək qabiliyyəti varmı?

Mövzunu SİTAT.İNFO üçün şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, Yunanıstanın Türkiyəni qıcıqlandırmaq siyasəti Qərbin proseslərdə barmağı olduğuna işarədir, Ankaranı yeni sınaqlarla oyuna çəkmək metodunun bir hissəsidir: "Türkiyə Egey dənizindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsinə qarşı çıxır və bunu özünün suvrenliyinə təhdid kimi qiymətləndirir. Siyasi tərəfləri bir yana qoyaraq açıq mənbələrdəki datalar əsasında iki ölkənin hərbi gücünü müqayisə etsək, Türkiyənin Yunanıstanı geridə qoyduğunu deyə bilərik. Türkiyə hələ, öz ordusunun elə də güclü olmadığı zamanlarda, 1974-cü ildə Kiprdə əməliyyatlar aparıb və adanın bir hissəsinə nəzarəti bərpa edib. Həmin döyüşlərdə Yunanıstan uduzmuşdu. Amma indi Yunanıstan həmin tarixdən dərs çıxarmır və Ankaraya doğru barmaq silkəmələməyə çalışır".

A.Kərimovun sözlərinə görə, Türkiyənin ordu gücü və hərbçilərinin döyüş ruhu elə vəziyyətdədir ki, döyüş başlasa, bu, Yunanıstan üçün faciə ilə nəticələnər: "Bu döyüş meydanında göstərilə biləcək əzm dərəcəsinin müqayisəsini göz önünə gətirir. Türkiyə ordusu reytinqlərdə demək olar ki, əksər parametrlər üzrə Yunanıstanı əhəmiyyətli dərəcədə üstələyir. Yunanıstan ehtiyatda olan hərbçi sayına görə bir qədər üstündür, bu isə nəticəni dəyişə biləcək bir səviyyə deyil. Türkiyə ordusunun arsenalında müasir hərb tarixində müzakirə obyekti olan pilotsuz zərbə aparatları, ağıllı mərmilər, ən müasir raketlər, nöqtəyə dəqiq zərbə endirən silahlar mövcuddur. Ordunun canlı qüvvəsi bir kənara, hələ bunlar özü Türkiyənin rəqiblərində qorxu yaradır, amma yunanlar hikkələrindən əl çəkməmək səbəbindən tarixi düşmənliyi təkrarlayırlar. Türkiyənin xüsusi təyinatlı qüvvələrinin, sualtı hücum və müdafiə bölmələrinin və komando birliklərinin gücü isə dünyaya bəllidir".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti