Azərbaycanla Türkiyə arasında tarixi "Şuşa Bəyannaməsi"nin imzalanmasından bir il ötür. Belə ki, düz bir il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qarabağ torpağında tarixi sənəd imzaladılar. Həmin sazişə görə dövlət başçıları iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə sadiq olduqlarını bir daha təsdiq edirdilər. Həmçinin iki qardaş ölkə arasındakı əlaqələr strateji müttəfiqlik səviyyəsinə qalxmışdı.
SİTAT.İNFO-ya açıqlamasında "Şuşa Bəyannaməsi"nin imzalanmasından sonrakı prosesləri şərh edən siyasi şərhçi Kənan Novruzov da vurğuladı ki, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti qeyd olunmuşdu: " Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulanmışdı. Sənədə görə, tərəflər, həmçinin fəxarət hissi ilə bildirirdilər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Müqavilədə göstərilir ki, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Beləliklə, rəsmi Bakı və Ankara regionda birgə addım atacaqlarını, koordinasiyalı fəaliyyət göstərəcəklərini bir daha təsdiqləyir və dünyaya bəyan edirdilər".
K.Novruzovun sözlərinə görə, proseslərin sonrakı inkişafı, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibə göstərdi ki, bu, həqiqətən, səmərəli və uzaqgörən addım idi: "Eyni zamanda tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər".
K.Novruzov vurğuladı ki, bu, həm Bakının, həm də Ankaranın gücünə güc qatılması deməkdir: "Artıq bu iki qardaş dövlət nəinki regionda, dünyada da daha qüdrətlidir. "Şuşa Bəyannaməsi"nin region üçün əsas əhəmiyyətindən biri də Azərbaycanla Türkiyənin Ermənistanın əsassız torpaq iddialarına qarşı eyni mövqedən çıxış etmələri barədə razılığı növbəsi dəfə təsdiqləmələri idi. Həmin sənədin imzalanmasından bu yana regionda çox ciddi siyasi hadisələr baş verib. Bunlardan ən başlıcası isə, şübhəsiz, Ermənistanla Azərbaycan və Türkiyə arasında əlaqələrin normallaşmasının əsasının qoyulması və prosesin davam etməkdə olmasıdır. Əlbəttə, hadisələrin bu məcrada, Bakı və Ankaranın maraqlarına uyğun inkişaf etməsində "Şuşa Bəyannaməsi"nin müstəsna əhəmiyyəti var. İndi planetdə çox ciddi hadisələrin baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyənin koordinasiyalı fəaliyyəti də məhz zamanında imzalanan "Şuşa Bəyannaməsi"nin nəticəsidir".
Siyasi şərhçi hesab edir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə baxmayaraq, məhz həmin sazişlə regionun təhlükəsizliyi xeyli dərəcədə təmin olunur: "Deməli, "Şuşa Bəyannaməsi" həm də iki qardaş ölkə liderinin uzaqgörən diplomatiyasının təzahürü kimi qiymətləndirilməlidir. Sözsüz ki, "Şuşa Bəyannaməsi" gələcək üçün daha böyük perspektiv vəd edir. Bunu təkcə ötən bir il ərzində görülən işlər, atılan addımlar, yaranan yeni geosiyasi reallıqlar da təsdiqləyir. Beləliklə, əminliklə demək olar ki, yaxın gələcəkdə Cənubi Qafqazda yeni reallıqların yaranmasında yenə də "Şuşa Bəyannaməsi"nin mühüm rolu olacaq".
Nigar Abuzər,
SİTAT.İNFO