Lavrov Bakıya gəlir! Rusiya sükanı əlində saxlamağa çalışır: "Bundan istifadə etməliyik..."

09:54 17 İyun 2022

Rusiya ən yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə deyib. "Biz mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. İkinci görüşün Moskvada keçirilməsi razılaşdırılıb. Biz öz tərəfimizdən bu görüşü ən yaxın vaxtda təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", - o vurğulayıb.

Əvvəllər də dediyimiz kimi, şimal qonşumuzun Cənubi Qafqaz məsələsində fəallaşmaq səyləri açıq- aydın ortadadır. Bunun əsas səbəbi nədir?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, səbəb Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında davam edən müharibədən istifadə edərək təşəbbüsü ələ almasıdır: "Əlbəttə, bu, Rusiyanın maraqlarına uyğun deyil. Odur ki, Kreml regionda əvvəlki nəzarətini və itirdiyi təsir gücünü bərpa etmək istəyir. Yəqin ki, bunun üçün hətta Azərbaycanla Ermənistan arasında müəyyən anlaşmalara da razıdır. Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt tormuzlada bilsin".

K.Novruzov vurğuladı ki, Zaxarovanın bəyanatı da məhz bu istiqamətdən qiymətləndirilməlidir: "Rusiya XİN sözçüsünün bu açıqlamanı ölkənin baş diplomatı Sergey Lavrovun ölkəmizə səfəri ərəfəsində səsləndirməsi, əlbəttə, təsadüfi deyil. Ola bilsin, XİN başçısı Azərbaycandan müəyyən razılıqlarla qayıtmaq istəyir və artıq buna zəmin yaradılır. Başqa sözlə desək, Moskva öz "səmimiliyini" nümayiş etdirir. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikinci görüşün keçirilməsi özü- özlüyündə müsbət hal olar və maraqlarımıza cavab verər. İstisna deyil ki, yaxın vaxtlarda bu görüşün baş tutacağı tarix açıqlanacaq. Həmin görüşdə Rusiya, bəlkə də, hansısa nəticələrə nail olmağa çalışa bilər. Çünki vurğuladığımız kimi, Rusiya təşəbbüsü ələ almağa çalışır".

Siyasi şərhçinin fikrincə, Zaxarovanın sözləri də göstərir ki, Kreml tələsir: "Və bu tələskənlik səbəbsiz deyil. Rəsmi Bakı Moskvanın bu ambisiyasından, yəni təşəbbüsü ələ almaq niyyətindən öz maraqlarının həyata keçirilməsi naminə istifadə edə bilər. Bir şərtlə ki, proseslərə nəzarət tamamilə öz əlimizdə olsun və nə vaxtsa Moskvanın "cığallığı" proseslərə təsir etməsin". 

Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti