"Soyub-soyub quyruğunda qoymaq olmaz" - Politoloq Qərbin silah yardımlarını tənqid etdi

08:21 17 İyun 2022

Rusiya-Ukrayna müharibəsində vəziyyət kəskinləşməkdə davam edir. Qərb Ukraynanı silahla təchiz edir, Rusiya da silah mövzusunda olduqca güclüdür. Buna baxmayaraq müharibədə qalib tərəf yoxdur. Bu iki ölkədə son vəziyyət necədir? Rusiya, Ukraynaya daha nə qədər müqavimət göstərəcək? Qərb Zelenskini istədiyi silahlarla təmin edəcəkmi?

Bu suallar ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, Qərb xüsusilə ağır silahların verilməsində çox astagəllik edir: “Hesablamalar göstərir ki, Qərbin indiyə kimi verdiyi silahlar verəcəyi silahların hələ  10 faizini təşkil edir. Bu səbəbdən də Ukrayna ordusunda silah-sursat çatışmazlığı hiss olunur. Rusiya isə öz artilleriya üstünlüyündən istifadə edərənk Ukrayna ordusunu Xarkov istiqamətində sıxışdırmağa çalışır. Silah çatışmazlığına baxmayaraq Ukrayna ordusu Herson istiqamətində əks hücuma keçir və bu ciddi nəticələr verir. Bir neçə yaşayış məntəqəsi azad olunub. 
Xerson şəhərinin 10 km-liyinə gəlib çatıblar. Sürət indiki kimi davam etsə 2-3 gün ərzində Ukraynalılar Xerson şəhərini bütövlükdə, Xerson vilayətini Rus işğalçılarından təmizləyə bilərlər".

Bugün NATO Müdafiə Nazirlərinin iclasıdır. Həmin iclasda Kiyevə silah verilməsi məsələsi də müzakirə olunacaq. Güman edirəm ki, ağır silahların göndərilməsi artacaq və daha intensiv sürətdə göndərilməyə başlayacaq. Çünki, indiyə qədər edilənləri bu astagəllik heçə çevirə bilər. Soyub-soyub quyruğunda qoymaq olmaz və yəqin ki, Qərb dövlətləri də bunu çox yaxşı başa düşürlər. Çox yaxın bir vaxtda silah ötürülməsini qaydaya salacaqlar". 

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti