Lavrov Bakıya nə məqsədlə gəlir?

13:05 17 İyun 2022

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Bakıya səfər edərək prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə görə Lavrovun ismi də sanksiya tətbiq olunanlar siyahısındadır. Lavrov bu səbəbdən artıq Avropa ölkələrinə səfər edə bilmir, hətta onun təyyarəsi Rusiyaya dost ölkə hesab edilən Serbiya paytaxtı Belqrada enə bilmədi. Sergey Lavrov bu ay əvvəl Türkiyəyə səfər etdi, oradan İrəvana keçdi, indi növbə Bakınındır. Bununla Lavrov guya Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə edir".

SİTAT.İNFO xəbər verir ki,  bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Lavrov xarici işlər naziri olduğu müddətdə Bakıya dəfələrlə gəlib: "Ancaq bu səfərlər faydalı olmayıb. Çünki Kreml əvvəlkitək Cənubi Qafqazı təsiri altına saxlamaq istəyir, bölgə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı qəbul etmir. Kremlin məntiniqinə görə Cənubi Qafqaz ölkələri xarici və təhlükəsizlik siyasətlərində Rusiyanın maraqlarını nəzərə almalıdırlar.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremlin hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir. Buna baxmayaraq, Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur – Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir. Halbuki, Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz".

Politoloq vurğuladı ki, Sergey Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək: "Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur. Təsadüfi deyil ki, prezident İlham Əliyev IX Bakı Qlobal Forumunda çıxışı zamanı Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr bəyanatına zidd olaraq dəhlizin açılmasını ləngitdiyini, yenidən “Dağlıq Qarabağın statusu” mövzusundan daşıdığını bildirdi. Kreml öz vasitəçiliyi ilə qəbul edilən həmin bəyanatın yerinə yetirilməsini və İrəvanı doğru yola gətirmək üçün heç nə etmir. Lavrov İrəvanda olduğu zaman 2020-ci il 10 noyabr bəyanatındakı bəndlərin yerinə yetirilməsi vacibliyi barədə heç nə demədi".

E. Şahinoğlu hesab edir ki, Lavrov Bakıda da ümumi sözlər deyib geri qayıdacaq: "Bunun fonunda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər. Rəsmi Bakı Türkiyə ilə yanaşı ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bölgənin zəif halqası Ermənistandır. İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki, Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoqa və əməkdaşlığa başlasalar Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti