Qondarma "Artsax" ombudsmanının Ağcakəndlə bağlı iddialarına HƏRBİ EKSPERT cavab verdi

15:17 17 İyun 2022

Bir neçə gün öncə erməni mətbuatında Xankəndidə yerləşən qondarma qurumun "ombudsmanının" növbəti hədyanları dərc olundu. "Ombudsman" Qeqam Stepanyan bildirmişdi ki, Şaumyan rayonunun taleyi Artsaxın Azərbaycanın tərkibində statusunun perspektivinə nümunədir. Stepanyanın iddiasına görə, guya 30 il əvvəl Azərbaycanın təzyiqi ilə  Şaumyan rayonunun 20 min sakini qovulub və deportasiya edilib, 700-dən çox insan öldürülüb və ya itkin düşüb, tarixi erməni yaşayış məskənləri məhv edilib. 

Qeqam Stepanyanın saxta ittihamlarına SİTAT.İNFO-ya açıqlamasında cavab verən hərbi ekspert Ədalət Verdiyev bildirdi k, Ermənistanda mövcud olan seperatçı rejimin israrla Şaumyan rayonu adlandırdığı ərazi Azərbaycanın aşağı Ağcakənd ərazisidir: "Və bu ərazi 1930-cu ildən 1999-cu ilə qədər Azərbaycanın tərkibində olub və bu adı ona SSRİ-i rəhbərliyinin təzyiqləri altında verilib. Həmin ərazidə yerləşən Buzluq, Gülüstan, Gürcələr, Zeyvə, Qaraçinar, Todan, Erkəc, Ballıqaya və s. kimi kəndlərin adı bir daha bu ərazilərin kimə məxsus olduğunu aşkar şəkildə nümayiş etdirir. Qondarma qurumda "Ombudsman" vəzifəsini daşıyan Geqan Stepanyan isə yaxşı olar ki, adını çəkdiyi Arsax Respublikasının harada olduğunu, onun sərhədlərinin necə və kim tərəfindən təyin edildiyini və bu qondarma qurumun kim tərəfindən tanındığına dair heç olmasa, bir dənə tutarlı fakt ortaya qoysun".

Ə.Verdiyevin sözlərinə görə, Ombudsmanın diqqətinə çatdırılmalıdır ki, 1991-ci ildən artıq heç bir sənəddə, heç bir rəsmi məlumatlarda Şaumyan adı qətiyyətlə çəkilmir: "Bu ərazi Azərbaycan Respublikasının qərarı ilə artıq ləğv edilib və hazırda həmin ərazi Goranboy rayonunun tərkibindədir.  Orada yaşayan erməni əhalinin sayına gəldikdə isə heç bir zaman orada 20 min erməni yaşamayıb. Oradan qovulan və məhv edilənlər isə erməni silahlıları olub və bu barədə erməni mətbuatında da kifayət qədər geniş məlumatlar mövcuddur. 

Maraqlıdır ki, 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan erməni silahlıları Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını, Kəlbəcəri  və digər ərazilərimizi darmadağın etmələri barədə  deyil, nədənsə Azərbaycan ərazisinə daxil olan Ağcakənd barədə fikirlər irəli sürməyə çalışırlar. Onların diqqətinə çatdırmaq lazımdır ki, hələ də Qazaxın yeddi və Naxçıvanın bir kəndi də Erməni silahlılarının nəzarətindədir. Və bu ərazilərin bütün beynəlxalq sənədlərdə, o cümlədən, BMT-nin xəritələrində Azərbaycan əraziləri olduğu aşkar şəkildə görünür".

Hərbi ekspert vurğuladı ki, erməni tərəfindən qaldırılan bu məsələ birmənalı olaraq əsassız hay-küydən başqa birşey deyil: " Azərbaycan müharibədə necə ləyaqətlə döyüşdüyünü və düşmən tərəfin belə maddi-mənəvi irsinə hörmətlə yanaşdığını dünya ictimaiyyətinə dəfələrlə nümayiş etdirib. Bu azad edilən ərazilərə təşkil olunan səfərlər zamanı beynəlxalq ictimaiyyət nümayəndələri tərəfindən də təsdiqlənib. Odur ki, Qeqan Stepanyanın verdiyi açıqlamalar heç bir fakta və reallığa söykənmir".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti