Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək - İqtisadçı dolların bahalaşmasından DANIŞDI

16:15 17 İyun 2022

Xəbər verdiyimiz kimi, bugünlərdə FED təxminən 30 ilin ən aqressiv faiz artımını açıqladı.

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı. Maraqlıdır ki, faiz artımı dolların  milli valyutamıza qarşı məzənnəsinə necə təsir edəcək? 

Bu sualla bağlı SİTAT.İNFO- ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Amerikada və dünyada qiymət artımı, inflyasiya prosesi davam etdiyinə görə faiz dərəcəsi artırılıb: “Azərbaycanda da Mərkəzi Bank  inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini qaldırıb. Amma ABŞ-da faiz dərəcəsinin real təsiri var. Kredit bahalaşır, qiymət artımının qarşısını almaq üçün banklardan az kredit alınacaq”.

Qeyd etdi ki, FED-in  faiz dərəcəsinin qalxması dolların digər valyutalara nisbətdə bahalaşacağı deməkdir:” Çünki bazarda dollar həcmi azalıb, faiz dərəcəsi artıb. Digər valyutaların dollara nisbətdə ucuzlaşmasının bizim valyuta üçün mənfi təsiri yoxdur. Çünki neftin qiyməti də baha olaraq qalacaq. Dollar ehtiyatımız artır və  Azərbaycan manatını faktiki,  qeyri-rəsmi olaraq ABŞ-ın dollarına bağlayıblar. Milli valyuta avroya və digər valyutalara nisbətdə bahalaşacaq, nəticədə Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti