Azərbaycan-Ermənistan sülh danışıqları davam edərkən, ermənilərin təxribatları da ara vermir. Ermənistan tərəfdən Kəlbəcərdəki mövqelərimizin atəşə tutulması, Xankəndidəki qondarma qurumun verdiyi bəyanatlar, sülhməramlıların Laçın dəhlizindən keçib gedən yüklərə nəzarət etməməsi və sair Azərbaycan ictimaiyyətini narahat edir. Sülh danışıqlarının uzanmasında, tərəflərin vahid məxrəcə gəlməməsində maraqlı olan güclər də var.
Mövzunu SİTAT.İNFO üçün şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, ermənilər çıxılmaz vəziyyətə düşdüklərini başa düşürlər və vəziyyətdən çıxış yolu kimi hər yola əl atırlar: "Status məsələsini daim gündəmə gətirirlər. Amma bununla Azərbaycan qəti şəkildə razılaşmır. Azərbaycan Prezidentinin bütün açıqlamalarında status məsələsi gündəmə belə gətirilmir. Yəni belə bir ehtimal heç nəzərdə tutulmur. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyaraq bildirir ki, vaxt uzatmağa ehtiyac yoxdur. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bütün məsələlər həllini tapıb. Sadəcə bu beynəlxalq birlik tərəfindən qəbul olunmalı, Ermənistan rəhbərliyi qəbullanmalıdır".
A.Nağı vurğuladı ki, Lavrovun açıqlaması da müəyyən mənada ermənilərə bir ümid verir ki, diskusiya aparsınlar: "Sadəcə olaraq biz bilməliyik ki, Qarabağın ermənilər yaşayan hissəsində onların taleyi ilə bağlı Ermənistan və Rusiyanın mövqeyi üst-üstə düşür. Ermənistan da çalışır ki, hansısa formada ermənilərin həmin ərazidə mövcudluğunu qoruyub saxlasınlar. Rusiya da buna maraqlıdır. Çünki orada erməni faktoru qalmasa rusiya sülhməramlılarının hansısa formada qalmasına da ehtiyac yoxdu. Rusiyanın da niyyəti odur ki, ermənilərdən bir vasitə kimi istifadə edərək hələ ki, regionda qalsınlar. Ona gorə də Azərbaycan həm Ermənistanın, həm də Rusiyanın həmlələrinə qarşı uğurla dayanır. Mövqeyindən geri çəkilmir. Paşinyan yeni formul irəli sürür. Formula görə həmin ərazidə yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ön plana keçir. Və nəzərdə tutulur ki, hüquq və təhlükəsizliyi təmin olunandan sonra status məsələsi önə çəkiləcək. Belə bir qeyri-müəyyən formul irəli sürür.
Bilir ki, başqa formada alınmayacaq. Hər şey Azərbaycanın ərazi bütövlüyü ilə həll olunacaq. Ermənilər yaşamaq üçün təminat istəyirlər. Bunu Beynəlxalq qurumun əli ilə həyata keçirməyi düşûnürlər. Bu da mənasız məsələdir. Özlərini qarantiyə almaq üçün Bbeynəlxalq qurumun nəzarətində olmağı istəyirlər. Azərbaycan bununla heç bir halda razılaşmamalıdır".
Lamiyə Xəqani,
SİTAT.İNFO