Bu müharibə Rusiya və Ukrayna ilə yanaşı Avropa dövlətlərini də çox ciddi şəkildə zəiflətdi. Həm enerji resurslarının bahalaşması, həm ərzaq təhlükəsizliyinə ciddi təhdidlərin yaranması, həm də Ukraynadan gələn qaçqın selinin qarşısında dayanmaq Avropaya baha başa gələcək. Artan inflyasiya, möhkəmlənən dollar fonunda avronun zəifləməsi, Rusiyanın adekvat addımları və sanksiyaları qoca qitəni heç vaxt olmadığı qədər sıxışdırır.
Artıq politoloqlar belə iddialar da səsləndirirlər ki, hazırda müharibənin bitməsinə imkan verməyən ABŞ və Böyük Britaniyanın planlarından biri də həm də Avropa Birliyini zəiflətmək olub.
Mövzunu SİTAT.İNFO üçün şərh edən Ağ Partiya sədrinin müşaviri, siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Qərbin bu məsələdə parçalanacağı ilə bağlı proqnozu daha öncədən də səsləndirib: "Sadəcə cəmiyyətimizdə müəyyən bir qism vardır ki, onlar daha çox trend cavablar istəyir. Amma yaxşı ki, Sitat.info kimi platformalardan biz geosiyasi təhlilin özünü səsləndirə bilirik. Buna görə sizə təşəkkür edirəm. Ukrayna məsələsində Qərbin parçalanacağı açıq idi. Niyə? Çünki kontinental Avropa Rusiyadan qorxur, həm də onun iqtisadi tərəfdaşıdır".
Siyasi şərhçi vurğuladı ki, artıq Avropada aqrar və sənaye sektorları problem yaşayır: " Tam əksinə Rusiya gəlirlərini artırır, həm də irəliləyir. Zelenski isə artıq görür ki, məsələ olduqca ciddidir. Amerika da bir tərəfdən kontinental Avropaya deyir ki, mən olmasam sizin halınız necə olar. İngiltərə isə həmişə Avropadan kənar güc olub. Onun imperial təsir dairəsi Yaxın Şərq, Şimali Amerikanın bir hissəsi, Avstraliya və Yeni Zellandiyadır. Bir də dünyada iki maliyyə nəhəngi var. Nyu York və London. Avropa da, Ukrayna da artıq onun maliyyə asılılığındadır. Zelenskiyə Lend Lizi onun boy-buxununa görə vermədilər ki... Avropanın boşalan silah anbarları necə dolmalıdır? Amerikadan silah almaqla. Avropanın istehsal etdiyi mobil silahlarla böyük savaş qazanılmaz. Əslində Ukraynanı daha da dərinləşən təcavüzdən qorumağın bir yolu var -defakto atəşkəs. Yəni, Ukrayna de-yure öz torpaqlarını verməməlidir. Amma xalqını xilas etmək üçün, toparlanmaq üçün atəşkəsə getməlidir. Bir zamanlar mərhum Heydər Əliyev atəşkəsə getdi və biz toparlandıq, silah-sursat yığdıq, məğlubiyyət hissini intiqamla əvəzlədik və Allahın izni ilə münasib doğru seçilmiş zamanda erməniləri darmadağın etdik. İndi Ukrayna kiminsə maraqlarına yox, öz maraqlarına baxmalıdır. Çünki Avropa artıq öz hayındadır".
A. Hüseynov vurğuladı ki, Avropa liderlərinin Kiyevə səfəri bir zaman onların Tiflisə səfərini xatırlatdı: "Onlar toplu şəkildə getdikləri Gürcüstan indi faktiki olaraq iki ərazisini itiribdir. Ukrayna da isə durum lap pisdir. Orada ciddi rusdilli seqment var. Bu proseslər Ukraynanın ikiyə bölünməsinə qədər gedə bilər. Amerika Koreyanı, bir zaman Almaniyanı ikiyə bölünmədən qorudumu? Parçalanmış ölkələr müasir düzəndə böyüklərin maraqlarına uyğundur. Dünya Türk dünyasının yüksəlişinə təşnədir. Çünki anqlo sakson dünya nizamı bax bu halları doğurur. Qərb zatən parçalanmışdı, elə ilk gündən. Çünki Qərb qloballizmin doğurduğu xaraktersiz dövlətlər palitrasıdır. Köklü imperial dövlətlər istisnadır. Bunlar Britaniya və qismən Fransadır. Almaniya isə keçici olaraq gücləndirilir, sonra özü öz hayında qalır. Kapitalist nizam qurulandan bu belədir. Avropadan kənarda təsirini saxlayan cəmi iki dövlət var. Britaniya ki, yuxarıda dedim hansı ərazilərdə. Bir də Fransa Afrikada. Ona görə bunlar önəmlidir. Geosiyasi analiz poeziya deyil ki, könül oxşasın. Geosiyasi analiz müstəvini oxuya bilməkdir".
Safura Bənnayeva,
SİTAT.İNFO