Rusiya-Ukrayna danışıqları demək olar ki, dayandırılıb. Çünki ortaq məxrəcə gəlmək mümkünsüz görünür. Rusiya böyük itkilər verərək tutduğu ərazilərdən geri çəkilmək niyyətində deyil, Ukrayna isə Krım da daxil olmaqla bir qarış belə torpağını güzəştə getməyəcəyini deyir. Rusiyanı dayandırmaq üçün dünya güclərinin atdığı addımlar da hələ ki, əks nəticə verməkdədir. Ara-sıra müxəlif istiqamətlərdən Ukrayna rəhbərliyinə Rusiya işğalı ilə barışmaq və dünyanı hazırki böhrandan çıxarmaq təklifləri edilir ki, bu da birmənalı olaraq rədd cavabı ilə qarşılanır.
Bu barədə SİTAT.İNFO-ya danışan ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, bu məsələdə torpaq güzəştindən danışmaq olmaz: "Heç kim Ukraynadan ərazi güzəşti tələb etmir. Sadəcə olaraq, Rusiyanın ittihamlarını zəiflətmək, Qərbin Ukraynanın apardığı müharibədə rolunu bir qədər arxa plana çəkmək üçün bu cür bəyanatlar verirlər. Ukrayna dövləti rəsmçi şəkildə öz ərazisindən bir qarış belə torpağı kiməsə güzəştə getməyəcəyini bildirib. Danışıqların da şərtini bununla əlaqələndirir".
S.Cəlaloğlunun sözlərinə görə, Ukrayna razı olsa belə, zorakı yolla Ukraynanın ərazisini əlindən almaq beynəlxalq hüquqa görə qeyri-qanuni hərəkətdir: "Dünyanın ən müxtəlif dövlətləri nə Luqanskın, nə Donetskin, nə də Krımın işğalını tanımır. Əgər Ukrayna öz ərazilərini güzəştdə getsə, bu bir presedent olacaq və onun arxasınca güclü dövlətlər zəif dövlətlərin ərazisini zorakı yolla ələ keçirməyə cəhd edəcəklər. Ona görə də, mən düşünmürəm ki, Ukrayna hər hansı ərazi güzəştinə getsin".
Ləman Sərvanqızı,
SİTAT.İNFO