Rusiya zəifləyərsə, Çinin də ritorikası dəyişəcək: Pekin ABŞ-la toqquşmaya gedərmi?

12:29 21 İyun 2022

Hazırda Qərbi ən çox narahat edən məsələ gələcəkdə daha da güclənəcək Çin - Rusiya ittifaqıdır. Rusiya-Ukrayna müharibəsində də ən narahatedici məqamlardan biri təklənən Rusiyanın Çinlə ittifaqı daha da gücləndirəcəyi və ikilinin gələcəkdə yeni güc mərkəzi kimi ortaya çıxacağıdır. Qərbdə məhz bu səbəbdən Zelenskini güzəştə getməyə səsləyənlər belə var. Bu baş tutmasın deyə hansı addımlar atıla bilər? Həqiqətən də ABŞ təkqütblü dünya qurmağa çalışarkən Çin-Rusiya birliyi yeni güc mərkəzi kimi meydana çıxa bilərmi?

Bu sualı Sitat.info üçün şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Çin Rusiyanın ən yaxın müttəfiqlərindən biri kimi tanınır: "Bu, illərdir belədir. Müharibə nəticəsində Rusiya dünyadan tədricən təcrid olunur, dostlarını itirir. Deməli, belə bir vaxtda Pekin Moskva üçün xüsusi əhəmiyyətli gücdür. Amma kim zəmanət verə bilər ki, Çin Rusiyanın zəifləməyindən istifadə etmək niyyətində deyil? Axı dünya dövlətləri, xüsusilə supergüclər planetdə təsir dairəsi üstündə mübarizə aparırlar. Bu, Rusiya və Çinə də aiddir. Odur ki, müttəfiq münasibətlərinə baxmayaraq, Rusiyanın bir az da zəifləyəcəyi təqdirdə Çinin tədricən ritorasını dəyişəcəyi, partnyorunu tək qoyacağı təəccüblü olmaz".

K.Novruzov vurğuladı ki, zəif müttəfiq heç kimə lazım deyil: "Unutmayaq ki, siyasətdə daimi münasibətlər yox, daimi maraqlı olur. Çinin Qərblə, o cümlədən ABŞ- la açıq toqquşmaya gedə biləcəyinə inanmıram. Çünki bu zaman Moskvaya tətbiq olunan sanksiyalar Pekin üçün də təkrarlana bilər. Həm də beləliklə, dünya üçün ciddi təhlükə yaranar. İndi elə durum yaranıb ki, dünya dövlətləri öz rəqiblərini sivil aləmdən təcrid etmək üçün fürsət axtarırlar. Çin bu fürsəti Qərbə verməmək üçün çalışmalıdır".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti