Hazırda hər kəsi düşündürən əsas sual budur ki, müharibə nə zaman bitəcək və hansı dövlətin qələbəsi ilə yekunlaşacaq. Ukrayna xalqı qələbəyə əmindir. Ukraynada xalq arasında keçirilən sorğuda ukraynalıların 93 faizi Rusiya üzərində qələbəyə əminliyini bildirib. 67%-i qalib gəlmək üçün ən azı altı ay və ya daha çox vaxt lazım olduğuna inanır.
Məsələ ilə bağlı Sitat.info-ya danışan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu vurğuladı ki, bu Ukrayna xalqının mübarizə əzmkalığının göstəricisidir: "Bu reallığa söykənə də bilər, əksinə də ola bilər. O sorğunun nəticəsi, xalqın birgə savaşa qarşı bir yumruq kimi birləşməsinin göstəricisidr. Hesab edirəm ki, bu payızda müharibə bitəcək və Ukraynanın qələbəsi ilə başa çatacaq. Qələbə deyəndə, Ukraynanın Rusiyadan hansısa şəhəri geri almasından getmir. Burada mənəvi qələbə əsas tutulur. Fakt faktlığında qalır ki, dünyanın super gücünə malik dövləti 100 gündən çoxdur ki, tərkisilah edilmiş, nüvə silahından məhrum edilmiş Ukraynaya güc gələ bilmir. Bu Rusiya üçün acı bir reallıqdır".
A.Şakiroğlu hesab edir ki, müharibənin uzanması Rusiyanın siyasi və iqtisadi cəhətdən çökdürür: " Oktyabrda Rusiyada böyük dəyişikliklər olacağı ilə bağlı gözləntilərim var. Oktyabr inqilabının il dönəmi ərəfəsində Rusiyada dəyişikliklər ola bilər. Bu da Rusiya xalqının iradəsindən asılıdır. Amma hər nə olursa olsun, hətta Kiyev işğal olunsa belə, Zelenski öldürülsə belə, Ukrayna xalqı qalibdir. Çünki Rusiya kimi azğın bir işğalçıya qarşı müqavimət göstərir. Yadınızdadırsa, 2003-cü ilin martın 21-də Amerika İraqa qarşı hərbi əməliyyatlara başladı. 20 gün ərzində İraq ordusu məğlub oldu. Ancaq böyük bir ordusu olan Rusiya 3 aydır ki, Ukraynada ciddi bir üstünlük əldə edə bilmir. Bu isə o deməkdir ki, Rusiya əbədi məğlubiyyətə məhkumdur".
Nigar Abuzər,
SİTAT.İNFO